“Bütün qohumlarına yığacağıq” – “Unibank”dan ŞİKAYƏT VAR – FOTO
“Banka yaxınlaşıb vəziyyəti bildirdim ki, ödəyə bilim deyə məbləği aylara bölsünlər. Razı olmadılar və çox kobud davranışla məni yola saldılar”.
Yenicag.az xəbər verir ki, bunu “Unibank”la bağlı kredit problemi olan vətəndaş sosial şəbəkə hesabında paylaşıb.
Şikayətçinin iddiasına görə bank əməkdaşı onunla sərt və kobud şəkildə danışıb:
“Unibank”dan kredit kartım var idi. Aydan-aya da normal ödəniş edirdim. 8-9 ay əvvəl maaşım çox aşağı düşdüyü üçün artıq ödəniş edə bilmədim. Banka yaxınlaşıb vəziyyəti bildirdim ki, ödəyə bilim deyə məbləği aylara bölsünlər. Razı olmadılar və çox kobud davranışla məni yola saldılar”.
Şikayətçi diqqətə çatdırıb ki, sonrakı mərhələdə iş məhkəməyə gedib:
“5 gün əvvəl məhkəmə olub. Bankın icraçı əməkdaşı zəng edib mənə çox absurd rəqəm dedi ki, bu cərimə məbləğini ödəməlisiniz. Mən də əvəzində bildirdim ki, təyin edilən məbləğ axı filan məbləğdir. Nə isə vəziyyəti izah etdik, normal sağollaşıb dəstəyi qoyduq. Mənimlə danışdıqdan sonra qohumuma zəng vurub və çox kobud şəkildə danışıblar. “Ona deyin ödəsin, məsələni tez həll eləsin, bu qədər” kimi danışıblar. Mənə qohumum məlumat verəndə məəttəl qaldım. Adama geri yığdım ki, bu, nə deməkdir, bu, nə danışıqdır?! Daha məhkəmə niyə var?! Mənimlə çox kobud, həyasızcasına danışdı”.
“Mən səsimi qaldırmadan normal danışdığım halda “ay xanım, qadın xeylağısınız, bu nə danışıqdır?”, “mənə niyə elə deyirsiniz? niyə şər atırsınız?” kimi danışdı. Sizə nə deyirəm ki? Niyə çığırırsınız, dedikdə, daha da bərk şivənlik edir ki, niyə təhqir edirsiniz? Bir daha qeyd edirəm ki, onun dediklərinin qramı belə olmayıb. İnanın, təəccübdən gülmək tutdu özümü də”, – deyə şikayətçi qeyd edib.
Yenicag.az olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.