“Fondun qeyd olunan maliyyə dəstəyi proqramı konkret məqsədlərə xidmət edir və hər bir ölkəyə vəziyyətə uyğun qaydada fərqli yanaşmalar olur”.
Bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) pandemiya şəraitində iqtisadiyyatları zərər çəkən ölkələrə dəstək proqramı çərçivəsində vəsait ayırmasını şərh edən keçmiş maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, BVF-nin dünya ölkələrinə maliyyə yardımı bir neçə qayda üzrə həyata keçirilir:
“Ümumiyyətlə, Beynəlxalq Valyuta Fondu Birləşmiş Millətlər Təşkilatının qurumudur və onun xətti ilə dünya ölkələrinə maliyyə yardımı göstərilir. O yardımlar hansı formada həyata keçirilir?
Birincisi, ehtiyacı olan ölkəyə iqtisadiyyatın bərpası üçün aşağı faizli kreditlər ayrılır. İkincisi, bu və ya başqa ölkədə iqtisadiyyatın inkişafı üçün texniki plan-proqram hazırlayır və o proqramların maliyyələşdirilməsini də adətən, Fond öz üzərinə götürür.
Üçüncüsü, ixracatın azalması ilə əlaqədar olaraq, valyuta balansında disproporsiya, kəsir əmələ gələndə, onu bağlamaq üçün müvəqqəti qaydada valyuta konversiyası həyata keçirir. Yani bu halda misal üçün, Fond manatı dollar, yaxud da Fondun xüsusi valyutası olan SDR-ə dəyişir. Ölkə bunun qarşılığında öz valyutasını verir və həmin vəsait Fondda rezervləşdirilir, əvəzində isə dollar verilir.
Fondun qeyd olunan maliyyə dəstəyi proqramı da bu məqsədlərə xidmət edir və hər bir ölkəyə vəziyyətə uyğun qaydada fərqli yanaşmalar olur.
Azərbaycana gəldikdə deyə bilərik ki, ölkənin valyuta balansında gərginlik müşahidə edilmir. Əksinə, ölkənin külli miqdarda maliyyə vəsaiti mövcuddur. Ona görə də, Azərbaycana miqyaslı yardım göstərməyə ehtiyac görmürlər. Sadəcə, problem ondadır ki, Azərbaycanın bank-maliyyə sistemi mövcud olan maliyyə vəsaitlərindən istifadəni təşkil edə bilmir”.
Qeyd edək ki, BVF-nin haqqında danışılan proqramına uyğun olaraq, Azərbaycan üçün 375,4 SDR (530 milyon dollar) kvota nəzərdə tutulduğu bildirilir.
A.Zeynalov
www.yenicag.az