!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavid Qurbanovun Ziya Məmmədovdan qisasalma əməliyyatı

!Reklam – Yazi

agbasSon dövrlər nəqliyyat naziri və ailəsi haqqında, daha doğrusu əleyhində xəbərlərə demək olar ki, hər gün rast gəlmək olur.

Müəyyən qəzetlərdə, xüsusən də bir çox internet portallarında nazirin “vurulduğu”, səlahiyyətlərinin əlindən alındığı, yaxınlarına aid biznes obyektlərinə əl qoyulduğu, hətta postu ilə vidalaşdığı və s. xəbərləri qarşımıza çıxır. Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun parlament seçkilərində namizədliyini irəli sürməməsi, üç gün öncə prezident İlham Əliyevin Ucara səfəri zamanı nazirin orada olmaması, “Dövlət Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil quruma çevrilməsi Məmmədovun nazir karyerasının bitməsi kimi qələmə verilir.

İki gün öncə isə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənovdan nazir haqqında yazılan yazılarla bağlı bir mətbu orqanın aldığı açıqlama “bəzədilərək” bunun vida sözləri kimi təqdim edildi. Gəlin öncə Namiq Həsənovun açıqlamasına nəzər salaq: “Cənab nazir oktyabrın 23-nə qədər məzuniyyətdədir. Ziya müəllim bu gün Azərbaycanın nəqliyyat naziridir. Mən reallıqdan uzaq yazılara da münasibət bildirməyi doğru saymıram. Nəqliyyat Nazirliyindən, yaxud nazirdən nə istəyirlər? Kimlərin sifarişini yerinə yetirirlər, bunu da bilmirəm. 13 ildir nazirlikdə işləyirəm. Bu illər ərzində cənab nazirin vəzifədən çıxarılması haqda çox yazılıb. Vəzifə əbədi deyil. Burada fikir bildirilməli bir şey yoxdur”.

Siz də oxuduğunuz kimi, burada soruşulan suala, naziri işdən “azad edən” qəzetə nazirliyin mətbuat üçün ən səlahiyyətli rəsmisinin hamının başa düşəcəyi qədər açıq cavabı var – “Ziya müəllim bu gün Azərbaycanın nəqliyyat naziridir”. Həmçinin açıqlamada nazirliyin səlahiyyətlərinin bir qisminin “Asan Xidmət”ə verilməsi məsələsinə də toxunulub. Bu açıqlamadan sonra isə maraqlı sual yaranır. Əslində elə sualı Namiq Həsənovun özü qoyur: “Neçə nazirliyin müəyyən səlahiyyətləri “Asan Xidmət”ə də verildi, bundan heç yazan yoxdur”. Doğurdan da, “Asan Xidmət” yarandığı gündən bu yana demək olar ki, birbaşa vətəndaşlarla işləyən əksər nazirliklərin, qurumların bir çox səlahiyyəti sözügedən quruma da verilib. Yəni bu səlahiyyətlər nazirliklərin əlindən alınaraq “Asan Xidmət”ə verilməyib. Yəni necə vətəndaşlarımız üçün xarici pasport almaq üçün DİN-in müvafiq qurumuna müraciət etmək olurdu, indi isə DİN-in bu şöbəsi ilə yanaşı “Asan Xidmət”də bu işi yerinə yetirir. Ancaq mətbuat bu haqda bir kəlimə də olsun açıqlayıcı yazılar yazılmayıb.

Bəs onda nə üçün nəqliyyat sahəsinə aid müəyyən səlahiyyətlərin eyni zamanda “Asan Xidmət”ə də verilməsi bu qədər söz-söhbətə səbəb oldu? Aydındır ki, burada xoş niyyət, xəbərçilik axtarmaq elə sözün əsl mənasında gülünc olardı. Bu yazılardan xəbərçilikdən çox sifariş qoxusu gəlir, ictimaiyyəti çaşdırmaq istəyirlər. O zaman digər suala cavab axtaraq – burada sifarişçi kim ola bilər? Heç kəsə sirr deyil ki, Ziya Məmmədovu sevməyən, onunla bağlı mövqeyi birmənalı olmayan yüksək vəzifə tutan şəxslər var. Son vaxtlar isə bu xəbərlərdə nəqliyyat nazirinin əleyhində yazan internet portallarında eyni zamanda “Dövlət Dəmir Yolları” QSC-nin yeni patronu Cavid Qurbanovun fövqəl-piarı gedir.

Dəmir yollarına aid həyata keçirilən bütün layihələrin sanki onun təşəbbüsü ilə baş tutduğu, o rəhbər olduqdan sonra yeni qatarların alındığı, yeni xətlərin tikintisinin həyata keçirildiyi tirajlanır, birbaşa onun adı ilə, onun uğuru ilə əlaqələndirilir. Ancaq xatırladaq ki, dəmir yollarına aid bu gün reallaşan bütün işlər uzun illərin, yəni Cavid Qurbanovun hələ “Azəryolservis”in rəhbəri olduğu, elə yoldaş Qurbanovun “yolçu getsin yolunu tiksin, dəmiryolçu da öz işini görsün” ifadəsi ilə desək, onun “yolçu” olduğu dövrə aiddir. Həmçinin o da heç kəsə sirr deyil ki, Cavid Qurbanov ilə Ziya Məmmədovun arasında əsən soyuq külək indi daha da sərt əsir.

“Yeni dəmiryolçu” isə mətbuat vasitəsilə köhnə müdirinə qarşı qara piarla bu küləkdə əsən tərəf olmaq niyyətindədir. Hətta Cavid Qurbanov “Azəryolservis”in şefi olduğu vaxtlar xarici investisiyalar üzrə müavini olmuş lakin işində yol verdiyi ciddi nöqsanlara və qanun pozuntusuna görə, daha dəqiq ifadə etsək maliyyə yeyintisi üstündə nazirin əmri işdən qovulmuş Hicran Valehovu və “Azərsu”da keçmiş sədr müavini Zaman Novruzovu “Dövlət Dəmir Yolları” QSC-də yenidən müşavir kimi işə dəvət edib. Bu şəxsləri yaxın müddətdə Cavid Qurbanovun özünə müavin təyin etməsi də gözlənilir. Xüsusilə qeyd edək ki, hər iki şəxs xüsusi maddə ilə işdən qovulublar və bu onların əmək kitabçalarında da qeyd olunub. Belə “təcrübəli” kadrları yenidən yanında görmək istəyən yoldaş Qurbanovun bu “niyyətini” anlamamaq mümkün deyil və onların “təcrübəsindən” yararlanmaq fikrindədir.

Ancaq xatırladaq ki, bu kampaniya sadəcə Ziya Məmmədovun şəxsi ilə bağlı ictimai rəydə mənfi obraz yaratmır, eyni zamanda bu rəy Azərbaycan dövlətinin bir qurumuna, hökumətinin işinə qarşı formalaşdırılır. Çünki Ziya Məmmədovun Heydər Əliyevə və prezident İlham Əliyevə sədaqətini, bağlılığını heç kəs müzakirə mövzusu edə bilmir. Çünki görünən yeganə və danılmaz həqiqət budur.

Mövzuya qayıdacağıq…(Aktual)

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv