Planetin ulduza təsir etdiyi İLK NÜMUNƏ: Orada bir il bir həftə çəkir
Elm adamları Dünyadan 400 işıq ili uzaqlıqdakı “HIP 67522” adlı gənc ulduz sistemində ulduzla təhlükəli dərəcədə yaxın əlaqədə olan planet aşkarlayıblar.
Yenicag.az xəbər verir ki, cəmi 17 milyon yaşında olan bu ulduz Günəşdən daha böyük olsa da, soyuqdur.
Araşdırmaya görə, “HIP 67522 b” adlı bu planet ulduzunun ətrafını cəmi 7 gündə dövr edir. Bu da o deməkdir ki, bu planetdə bir il bizim zamanla cəmi bir həftə davam edir.
Planetin ulduza bu qədər yaxın dövr etməsi onun öz sonunu hazırladığını göstərir.
Hollandiya Radioastronomiya İnstitutundan Yekaterina İlin və onun komandası NASA və Avropa Kosmik Agentliyinin (ESA) teleskoplarından istifadə edərək sistemi daha dərindən təhlil edib.
Elm adamları müşahidə ediblər ki, ulduz səthindəki plazma partlayışları (ulduz alovları) planet ulduzun önündən keçərkən daha tez-tez baş verir. Bu da onu göstərir ki, planet ulduzun maqnit sahəsinə müdaxilə edərək bu partlayışları tətikləyir.
Ulduzların planetlərə təsiri olduğu qəbul edilir, amma bu araşdırma planetin ulduza təsir edə biləcəyini göstərən ilk nümunədir.
Alimlər bunun yalnız gənc və aktiv maqnit sahəsinə sahib ulduzlarda mümkün olduğunu deyirlər.
Araşdırmanın nəticələrinə əsasən, “HIP 67522 b” planetinin ulduzun maqnit sahəsində dalğalar yaradaraq böyük enerji partlamalarını başlatdığı düşünülür.
Daha maraqlısı budur ki, bu partlayışlardan yayılan enerji yenidən planetə qayıdır və onun şiddətli radiasiyaya məruz qalmasına səbəb olur.
Alimlər bildirirlər ki, bu “özünü məhv edən” planet, yavaş-yavaş Neptun ölçüsünə qədər kiçiləcək və təxminən 100 milyon il ərzində böyük hissəsini itirəcək.