Reklam: High Technic
hightechnic

Cəbhədə gərgin vəziyyət: itkilər var - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (46 mərmi), snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Fərəhli kəndində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Nəmirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

***

Düşmən bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədib

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

Yeniçağ.az

www.yenicag.az

524