!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqaz üçün yeni SAVAŞ ZƏNGİ: Rusiya ilə Fransanın mübarizə meydanına çevrilən bölgədə nələr olacaq? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Ermənistanın Hindistan və Fransadan silah alması Azərbaycan mediası və bəzi ekspertlərin dili ilə elə şişirdilir ki, cəmiyyətdə təlaş, suallar, narahatlıq yaranır.

Ermənistan niyə silah alır?

Ermənistan silah almağa məcburdur. Ermənistanı silah almağa məhz Azərbaycan məcbur edib. 44 günlük müharibə zamanı Azərbaycan ordusu Ermənistanın hava hücumundan müdafiə sistemlərinin 70 faizini sıradan çıxarıb. Bundan əlavə, artilleriya qurğuları, tank əleyhinə vasitələri ya sıradan çıxarılıb, ya da qənimət kimi Azərbaycan ordusunun arsenalına keçib. Belə olan halda, Ermənistan silah almayıb nə etməlidir?

Ermənistan hansı silahları alır?

Ermənistan hazırda müdafiə silahları almaqla məşğuldur. Ermənistanın alacağı silahlar hava hücumundan müdafiə, radar və binokl sistemləridir. Azərbaycan ordusu 44 günlük müharibədə Ermənistan ordusuna elə zərbələr endirib ki, üç ilə yaxındır Ermənistan, demək olar ki, havadan müdafiəsiz vəziyyətdədir. Ermənistan silah almır, Ermənistan itirdiyi silahların yerini doldurmaqla məşğuldur. O zaman Ermənistanın silah almasından təlaşlanmaq olar ki, alınan silahlar hücum silahları olsun. Əgər Azərbaycan tərəfi iddia edildiyi kimi Ermənistana hücum etməyi düşünürsə, bu zaman ordu rəhbərliyi fikirlərə qərq olmalıdır…

Rusiya Ukrayna müharibəsi fonunda zəifləyir və iddia edilir ki, ruslar Cənubi Qafqazı tərk edəcəklər. 300 ildən çoxdur bu regionu öz əlində saxlayan, arxa bağçası kimi istifadə edən Rusiya nə qədər zəifləsə də, asanlıqla regionu tərk edəcəyi gözlənilən deyil. Fransa regiona daxil olmaq istəyir, ancaq Rusiyanın, bəlkə də, ən möhkəm olduğu yerdən – Ermənistandan. Niyə möhkəm? Çünki Ermənistan sənayesinin böyük hissəsi məhz Rusiyanın nəzarətindədir. Müxalifəti də həmçinin. Orduda da Rusiyanın təsir gücü yüksəkdir. Bunların üzərinə 102-ci bazanı gəldikdə isə məsələ daha da aydın olur.

Fransa da ən güclü olduğu yerdən Cənubi Qafqaza nəzarəti ələ almaq niyyətindədir. Fransada erməni lobbisinin gücü dillər əzbəridir. Bundan əlavə, hazırkı Ermənistan iqtidarı Fransaya bağlıdır və direktivləri oradan aldığını gizlətmir. Fransa öncə siyasi dəstək nümayiş etdirdi. BMT Təhlüksizlik Şurasında iki dəfə Qarabağda yaşamış ermənilərin “problem”ini müzakirəyə  çıxardı. Bundan əlavə, Avropa məhkəmələrində ermənilərə dəstək nümayiş etdirdi və bu yöndə fəaliyyətini davam etdirir. Ardınca isə siyasi dəstəyi hərbi dəstəyə çevirdi.

Fransanın dəstəyindən ilhamlanan Ermənistan iqtidarı artıq rəsmi şəkildə 102-ci bazanın ölkədən çıxması yönündə bəyanatlar səsləndirir. Rusiya hələ ki Ermənistana qarşı informasiya siyasəti aparır. Hətta bir qədər irəli gedib zəmin hazırlayır da deyə bilərik. Paşinyan hakimiyyətinin bir il daha uzadılması üçün dəstək axtarışındadır. Dolayısı ilə Paşinyan da bilir ki, zərbə dalğası gələcək. Bu dalğadan qurtulmaq isə o qədər də asan olmayacaq. Yeri gəlmişkən, Ermənistan iqtidarı da Rusiyaya qarşı daxildə informasiya savaşına start verib. Rusiyaya qarşı çıxışlar, Rusiyanın etibarsızlaşdırılması, Rusiyanın Ermənistan üçün təhlükə mənbəyi olması yönündə işlər görülür. Yəni tərəflər münasibəti daha da kəskinləşdirmək istiqamətini seçib.

Fransanın Ermənistana öncə hərbi müşavir göndərəcəyi, ardınca hərbi baza quracağı ilə bağlı iddialar ortaya atılıb. Bu, bir ölkənin ərazisində fərqli və rəqib iki ölkənin hərbi bazası necə qurula bilər, necə tənzimlənə bilər kimi ciddi suallar doğurur.

Ermənistan artıq açıq şəkildə Rusiyaya baş qaldırır. Ola bilsin, bu ifadə ilə razılaşmayanlar olacaq, kimlərsə deyə bilər ki, Ermənistan müstəqil dövlətdir, istədiyi xətti, yönü seçə bilər, niyə belə təqdim edirsən? Forpost ölkənin indiki davranışına baş qaldırmaqdan başqa ayrı ad tapmaq mümkün deyil. Ermənistan Rusiyanın heç bir tədbirində,bdemək olar ki, iştirak belə etmir.

Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi?

Mümkün variantdır. Hərbi müdaxilə 102-ci bazanın gücü daxilində deyil. Rusiya Gürcüstandan keçərək hərbi müdaxiləni həyata keçirə bilər. Yəni Rusiya müdaxilə etmək niyyətinə düşsə, Gürcüstan zərbə altında qalacaq. Kobud desək, Rusiya bir daşla iki quş vuracaq. Gürcüstan tərəfi Rusiyaya qəti şəkildə etiraz edə bilməyəcək. Necə ki 3 il əvvəl edə bilməmişdi.

Bəzi ekspertlər Rusiyanın Ermənistanı Azərbaycanın əli ilə vuracağı variantını irəli sürürlər. Bu variant da mümkün hesab oluna bilər. Sülh müqaviləsi imzalanmasa və sərhəddə törədiləcək istənilən bir təxribat yeni Azərbaycan Ermənistan müharibəsinə gətirib çıxara bilər.

Elə bir coğrafiyada yerləşirik ki, heç nəyə “ola bilməz” deyə bilmərik. Misal üçün, Rusiya rus yaşamayan Ağdərədə rus icması yaratdı, Xankəndidə də buna getdi, hətta altdan-altdan rus pasportları da paylamağa başlamışdı. Rusiyanın “Qarabağı özününkiləşdirəcək” iddiaları ortaya atılmışdı. İndiki duruma baxırıq, ruslar hətta sülhməramlılara aid texnikaları belə ərazidən çıxarırlar. Ona görə də proseslərin sürətlə dəyişəcəyi bizə sürpriz olmamalıdır.

Rusiya ilə Fransanın qarşıdurması bu gərginlikdə inkişaf etsə, region dünyanın ən qaynar nöqtələrindən birinə çevrilə bilər…

www.yenicag.az

3709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv