Cənubi Qafqazda BALANS DƏYİŞİR – Rusiya niyə Azərbaycanı HƏDƏFƏ ALDI?
“SSRİ 1991-ci il dekabrın 16-da dağıldıqdan sonra Rusiya Cənubi Qafqazda geosiyasi üstünlüyünü itirməmək üçün Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər göstərməyə başladı. Qarabağ münaqişəsi, 7 rayonun işğalı və Xocalı soyqırımı – bunların hamısı Çar Rusiyasından başlayıb Sovet dövründə davam edən Rusiyanın Cənubi Qafqaz siyasətinin tərkib hissəsi olaraq tətbiq edilən üsullar idi”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Siyasi təhlilçi Rusiyanın son zamanlar ölkə daxilindəki miqrantlara qarşı apardığı siyasət. O cümlədən Kremlin anti-Azərbaycan isterikasının səbəblərini şərh edib.
Onun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını işğaldan azad etdi və Rusiya ilə balanslı siyasət yürütməyə başladı:
“Lakin Suriyada Bəəs rejiminin süqutu, yəni bölgədə ikinci “Sovet dağılması”nın baş verməsi Rusiyanın diqqətini yenidən Azərbaycana yönəltdi. 2024-cü ilin dekabr ayının son günlərində Rusiya bu dəfə AZAL-a məxsus sərnişin təyyarəsini vuraraq Azərbaycana qarşı mövqeyini açıq şəkildə ortaya qoydu. Azərbaycan regionda inkişaf edən bir dövlət kimi, Rusiyanın bu hərəkətini hər platformada tənqid edir. Bu tənqidlər isə Rusiyanın müxtəlif yollarla Azərbaycana qarşı sərt mövqe sərgiləməsi ilə nəticələnir. Belə davranışlardan biri Rusiyada yaşayan azərbaycanlılara qarşı sərt münasibətdir. Digəri isə Rusiyanın İranla birlikdə Xəzər dənizində keçirdiyi birgə hərbi təlimlərdir ki, bu da Rusiyanın Azərbaycana yönəlik siyasətlərinin açıq təzahürüdür”.
H. Oktaya görə, bundan əlavə, Ukrayna böhranında Rusiya gözlədiyi nəticələrə nail ola bilmədiyi kimi, Azərbaycanın bu məsələdə Rusiyadan çox Ukraynaya yaxın siyasət aparması da Moskva tərəfindən daim tənqid olunur:
“Avropa ilə Rusiya arasında davam edən enerji böhranı fonunda Azərbaycanın Avropa ilə enerji müqavilələri imzalaması da Rusiya üçün ciddi narahatlıq mənbəyidir. Son günlərdə ABŞ prezidenti Donald Trampın Azərbaycanın inkişafını təqdir edən bir paylaşım etməsi Rusiyada Cənubi Qafqaz siyasətinin çıxılmaz vəziyyətə düşdüyü təəssüratını yaratdı. Rusiya daxilində, əsasən, Azərbaycan əleyhinə fəaliyyət göstərən media bu fürsətdən istifadə edərək Azərbaycana qarşı bütün ittihamları və təzyiq vasitələrini açıq şəkildə gündəmə gətirməyə başladı”.
“Azərbaycan bu təzyiqlərin qarşısını almaq üçün Cənubi Qafqaz siyasətini yenidən nəzərdən keçirməli və Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülh prosesini hər hansı bir ilkin şərt olmadan tez bir zamanda imzalamalıdır. Cənubi Qafqazda 10 noyabr atəşkəs bəyanatından sonra davamlı sülh üçün atılan addımlar nə qədər gecikərsə, bölgəyə xarici müdaxilələr bir o qədər artacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov