Cənubi Qafqazda güc balansı DƏYİŞİR? – Tramp administrasiyasının Bakıya diqqəti nədən XƏBƏR VERİR?
“Cənubi Qafqazda sülh, sabitlik və rifah üçün ABŞ ilə həm Azərbaycanın, həm də Ermənistanın sıx əməkdaşlığına ehtiyac var”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
Siyasi təhlilçi ABŞ-nin paytaxtı Vaşinqtonda planlaşdırılan Azərbaycan-Ermənistan liderlərinin görüşü ilə bağlı fikirlərini səsləndirib.
Onun sözlərinə görə, Rusiya elə bir vəziyyətdədir ki, ABŞ-nin bölgədə güclənməsinə mane olmaq imkanlarını itirib:
“Rusiyanın Suriya və İranda maraqlarını qoruya bilməməsi artıq belə təəssürat yaradıb ki, Rusiya sərhədləri daxilinə çəkilir. Bu mənada, ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsinə müqavimət göstərə bilmir. İran da zəiflədiyi üçün ABŞ-nin və bütövlükdə Qərbin Cənubi Qafqazda güclənməsi üçün ideal şərait yaranıb”.
X. Cəfərli əmindir ki, bundan sonra Cənubi Qafqaz respublikalarının Qərblə, xüsusilə ABŞ ilə əlaqələri artacaq:
“Bu prosesə ABŞ-də iqtidarda Donald Trampın olması da müsbət təsir göstərəcək. Putin Trampla münasibətləri tam korlamamaq üçün ABŞ-nin bölgədəki fəallığını alqışlaya da bilər. Putin ölkəsində sosial-iqtisadi vəziyyətin fəlakətli olduğunu bilir. Trampın kəskin müdaxiləsi vəziyyəti daha ağırlaşdıra bilər. ABŞ-nin bölgədə güclənməsi Cənubi Qafqazın hər üçü respublikası üçün faydalı olsa da, bundan ən çox faydanı Azərbaycan götürə bilər. Xüsusilə də, ABŞ-nin siyasi və diplomatik dəstəyi ilə Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan vasitəsilə Avropa bazarına çıxarılması, Orta dəhlizin fəaliyyətinin güclənməsi Azərbaycanın siyasi və iqtisadi gücünü artıracaq”.
Rafi Müslümov