Cənubi Qafqazda ikinci Ukrayna CƏBHƏSİ? – Paşinyan Moskvanın HƏDƏFİNDƏ
“Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi fəaliyyətinin son mərhələsinə yaxınlaşır və bu da Azərbaycanla Ermənistan arasında sülh sazişinin təcili şəkildə imzalanması zərurətini daha da artırır”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.
Siyasi təhlilçi 2026-cı ildə Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkilərinə yaxın ölkədəki müxalif qüvvələrin və revanşistlərin fəallaşmasının səbəblərini izah edib.
Onun sözlərinə görə, hazırda ABŞ Cənubi Qafqaza, xüsusilə də Zəngəzur dəhlizinin qorunmasına maraq göstərməyə başlayıb:
“Bu, Rusiya üçün ənənəvi nüfuz dairəsi hesab olunan bölgəyə müdaxilə kimi qiymətləndirilir və Moskvanın Azərbaycan nefti və qazı üzərində mümkün təsir imkanlarını zəiflədir. Eyni zamanda, Zəngəzur dəhlizi Rusiya ilə Qərb arasında mövcud geosiyasi qarşıdurmada ikinci cəbhə kimi çıxış edə bilər. Rusiya Cənubi Qafqazda öz nüfuzunu zəiflədən və ərazisindən yan keçən alternativ ticarət və enerji marşrutlarının yaranmasına yol açan vahid və inteqrasiya olunmuş bir regionun formalaşmasını qətiyyən istəmir”.
Həmsöhbətimiz əlavə edib ki, indi Azərbaycan və Rusiya arasında münasibətlər tarixdəki ən aşağı səviyyədədir:
“Bu fonda Paşinyan öz anti-Rusiya mövqeyini davam etdirir. Lakin onun hökuməti Gümrüdəki Rusiya hərbi kontingentinin artırılmasına qarşı açıq şəkildə göz yumur. Paşinyan Moskva ilə “oynamağa” məcbur olmaq üçün ciddi təzyiqlə üz-üzədir. Eyni zamanda, Ermənistan daxilində və diasporunda revanşist qüvvələr Rusiyanın bu ölkəyə dəstəyinin bərpasını arzulayır. Hansı ki, bu dəstək nəticəsində Qarabağ və ona bitişik 7 rayonun işğalı 30 ilə yaxın davam etmişdi. Paşinyan isə indiyədək Rusiyanın verdiyi strateji dəstəyi Qərbdən hər hansı konkret və etibarlı alternativlə əvəzləyə bilməyib”.
“Əgər Paşinyan hakimiyyətdən devrilərsə və ya seçkilərdə uduzaraq yerinə Rusiyaya bağlı bir şəxs gətirilərsə, üstəlik, Rusiya Ukraynada hərbi uğur qazansa, bölgədə yenidən müharibə riskinin yaranacağı realdır. Buna görə də sülh sazişinin indi imzalanması və bu sənədin beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəklənməsi olduqca vacibdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov