Cənubi Qafqazda sülh yolu: Türkiyənin “çoxlu keçid – üstün keçid” konsepsiyasına FƏRQLİ BAXIŞ

media-hightechnic-468x90

“ABŞ Prezidenti Donald Trampın prosesə qoşulması 10 noyabr 2020-ci il atəşkəs razılaşmasında Putinin etdiyi fakt qarşısında qoyma addımı ilə eyni mahiyyət daşıyırdı. Həm Putinin təşəbbüsünün, həm də Trampın təşəbbüsünün əsas məqsədi Türkiyənin bölgədə təşəbbüs əldə etməsinin qarşısını almaq idi. Türkiyə uzun müddət Cənubi Qafqazda sülhün bərqərar olması, Türkiyə-Ermənistan-Azərbaycan arasında üçtərəfli sülh müqaviləsinin imzalanması ideyasını gündəmdə saxlamışdı”.

Bunu Yenicag.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) politoloq Hasan Oktay deyib.

media-hasan-oktay1

O, Vaşinqtonda bu axşam keçirilməsi planlaşdırılan Əliyev-Paşinyan-Tramp üçtərəfli görüşü və Vaşinqtonun Cənubi Qafqaza daxil olması məsələsini şərh edib.

H. Oktaya görə, Putin 10 noyabr atəşkəs razılaşması ilə Türkiyəni bölgədən uzaqlaşdırmaq istəyirdi:

“Çünki Türkiyə istənilən halda Cənubi Qafqazda atılacaq addımların iştirakçısı olmaq niyyətində idi. Türkiyə 10 noyabr razılaşmasına səssiz reaksiya verəndə “müşahidə mərkəzi” adı altında bir mexanizm yaradıldı və Türkiyəyə yalnız atəşkəs rejiminin pozulma prosesini izləmə funksiyası verildi. Atəşkəs razılaşmasından 5 il keçməsinə baxmayaraq, Cənubi Qafqazda hələ də hər hansı sülh müqaviləsinin imzalanmaması bölgə üzərində hesabları olan xarici qüvvələri buraya cəlb etdi. Türkiyə əvvəlcə “altılı format”, daha sonra Türkiyə-Ermənistan danışıqları prosesini başlatdı, amma bütün bu mərhələləri Azərbaycanla birgə təşkil etmək istəyirdi. Türkiyə Cənubi Qafqazda təcili olaraq heç bir ilkin şərt olmadan üçtərəfli sülhün imzalanmasını istəyirdi. Çünki hər hansı şərt bölgədə imperialist mexanizmləri hərəkətə gətirirdi. İstanbulda üçtərəfli sülh üçün mühüm bir imkan əldə edilsə də, bunu reallaşdırmaq mümkün olmadı”.

Onun sözlərinə görə, bunun ardınca, ABŞ Ukrayna mövzusunda Rusiya ilə ciddi gərginlik yaşadığı bir vaxtda, iki lider – Əliyev və Paşinyanı Vaşinqtona dəvət edərək Rusiyaya qarşı üstünlük qazanmaq istədi:

“ABŞ-də yekun sülh müqaviləsinin imzalanma ehtimalı görünmür. Lakin tərəflər yaxşı niyyət bəyanatı imzalasa, Azərbaycan üçün bu, ABŞ-nin tətbiq etdiyi silah embarqosunun aradan qaldırılması ilə böyük uğur demək olar. Ermənistan isə qarşıdakı aylarda keçiriləcək seçkilərə ciddi Amerika dəstəyi ilə girərək qalib gəlmə şansı əldə edəcək. Bu görüşlər planlaşdırılarkən Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskva səfəri baş tutdu və burada Putinlə Trampın görüşməsi barədə qərar verildi”.

Müsahibimiz əmindir ki, Türkiyənin 10 noyabr razılaşmasında kənarda qalması kimi, ABŞ-dəki görüşlərdən də kənarda qalmasını qəbul etməsi mümkün deyil:

“Çünki Cənubi Qafqazda üçtərəfli sülh təmin olunmasa, gözlənilən sabitlik yaranmayacaq. Bu sabitliyin yolu isə İstanbulda imzalanacaq şərtsiz sülh müqaviləsindən keçir. Hazırda xəritələrdə İran sərhədindən keçəcək bir dəhliz planı üzərində müzakirələr aparılır. ABŞ-nin bu dəhlizi özü idarə edəcəyinə dair məlumatların mətbuata sızması isə İran və Rusiyanın bölgədəki fəallığını artırıb. Ona görə də, Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhündə hər hansı dəhlizin nəzərdə tutulmaması bölgədə yeni gərginliklərin qarşısını alacaq. Nə İran, nə də Rusiya Cənubi Qafqazda ABŞ nəzarətində bir dəhlizin yaradılmasına müsbət yanaşır. Türkiyənin mövqeyi isə Cənubi Qafqazda üçtərəfli sülh təmin edildikdən sonra “çoxlu keçid – üstün keçid” konsepsiyası üzərində qurulub”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa