Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayana qədər Cənubi Qafqazda gərginlik davam edəcək. Digər tərəfdən, hazırda müşahidə edilən gərginlik sadəcə Azərbaycanla Ermənistanın möveyindən qaynaqlanan vəziyyət deyil.
Regionda “tozanaq”ın hələ yatmamasının səbəbi daha çox Fransa və Rusiyanın bölgə uğrunda rəqabəti gücləndirmələridir. Fransa Ermənistan və Gürcüstan üzərindən Rusiyaya qarşı mübarizəni genişləndirir. Həm Ermənistanda, həm də Gürcüstanda müəyyən dayaqlarının olması Fransanı daha irəli getməyə sövq edir.
Azərbaycanla bağlı isə bunu söləyə bilmərik. Bakı ilə Paris arasında münasibətlər kifayət qədər kəskindir və yaxın vaxtlarda düzələcəyini söyləmək çətindir. Fransa indiki şəraitdə Ermənistanın silahlandırılması missiyasını üzərinə götürüb. Bu silahlar daha çox müdafiə xarakterlidir. Onların arasında hava hücumundan müdafiə sistemləri xüsusi qeyd olunmalıdır.
Azərbaycan regionda cərəyan edən bu prosesləri diqqətlə izləməli və baş verə biləcək hadisələrə daim hazırlıqlı olmalıdır. Ermənistana verilən silahlar hər nə qədər müdafiə xarakterli olsa da, bu, sözügedən ölkənin arsenalını genişləndirmək anlamına gəlir.
44 günlük müharibədən sonra, demək olar, bütün ekspertlər iddia edirdilər ki, Ermənistan 30 il özünə gələ bilməyəcək. Ancaq Ermənistan ordusunda aparılan islahatlar və alınan silahlar onu deməyə əsas verir ki, bu proses 30 ildən daha az sürəcək. Təbii, Ermənistanın bu çatışmazlıqları aradan qaldırdıqdan sonra hücum silahları da tədarük etməsi gözləniləndir.
Xatırlayırsınızsa, 44 günlük müharibə zamanı Gürcüstan Ermənistana silah və sursatın öz ərazisindən keçməsinə icazə vermədiyini bəyan etmişdi. Ancaq indiki durumda Gürcüstan üzərindən Ermənistana silahların daşınması rəsmi Bakının sərt reaksiyası ilə qarşılana bilər. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Belə olan təqdirdə, o silahlardan gələcəkdə Azərbaycana qarşı istifadə olunmayacağına heç kim təminat verə bilməz.
Gürcüstan hakimiyyəti də eynilə Ermənistan kimi ikili oynayır və anlaşılmaz qərarlar verir. Faktik olaraq, Fransa Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq və yerinə özü keçmək niyyətindədir. Gürcüstan hökuməti Rusiyaya yaxın sayılsa da, Fransanın Ermənistana göndərdiyi silahların ərazisindən keçməsinə razılıq verir.
Gürcüstanda cərəyan edən proseslər onu deməyə əsas verir ki, regionda gərginlik məhz Ermənistan və Gürcüstan üzərindən artırılacaq. Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüyə can atır. Ancaq görünən budur ki, Tiflisin həmin istəyi hələ ki reallaşmayacaq. O baxımdan, Gürcüstan da Ermənistan kimi özünü “yandırmaqdadır”.
Fransa ilə Rusiya arasında region uğrunda savaş yaxın zamanda informasiya cəbhəsindən real müstəviyə keçə bilər. Bu isə regionu yenidən “qaynar qazan”lardan birinə çevirəcək və hər üç ölkəyə zərər verəcək. Qonşuda yanğın varsa, onun təsirindən yayınmaq mümkün deyil.
Yaxın Şərqdə cərəyan edən proseslər Cənubi Qafqazı bir qədər arxa plana keçirmiş kimi görünür. Ancaq hazırda ən qızğın və riskli proseslər məhz bizim regionda sürət yığır. Vəziyyətin təhlili göstərir ki, yaxın zamanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına imkan verilməyəcək. Fransa və Rusiya arasındakı mübarizə regionda yeni müharibə ocaqlarının yaranmasını şərtləndirir.
Səxavət Məmməd
www.yenicag.az