Cənubi Qafqazın lider dövləti: "Azərbaycan regionun iqtisadi dirçəlişinə töhfə verir"
“Tamhüquqlu üzv kimi Azərbaycan həm təşkilatın, həm üzv ölkələrin, həm də Cənubi Qafqaz regionunun, o cümlədən Ermənistan və Gürcüstanın da iqtisadi dirçəlişinə töhfə verir”.
Bunu Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunması barədə danışan Milli Məclisin deputatı Vüqar İskəndərov Yenicag.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Vətən müharibəsindən sonra bölgədə isə yeni reallıqlar formalaşıb:
“Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti, eyni zamanda, xalqımızın birliyi və iradəsi sayəsində bu məsələlər artıq geridə qaldı. Nəticədə yeni inkişaf mərhələsi açıldı. Artıq biz təkcə regionda deyil, dünyada da yeni siyasi konfiqurasiyanın formalaşmasının şahidi oluruq.
Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən biri kimi qəbul edilməsi, prezident İlham Əliyevin isə dünya liderləri sırasında yer alması ölkəmizin beynəlxalq nüfuzunun və yeni reallıqların mərkəzində olduğunu göstərir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı durmadan artır. Ölkəmiz Cənubi Qafqazın lider dövləti kimi hərtərəfli inkişafı, həm regional, həm də qlobal miqyasda verdiyi töhfələrlə öz gələcəyini qoruyub saxlayır və inkişaf etdirir”.
Azərbaycanın Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında körpü rolunu oynadığını bildirən deputat yeni strateji alyansın yarandığını qeyd edib:
“Bir Kəmər, Bir Yol”, Orta Dəhliz və Zəngəzur dəhlizinin gündəmə gəlməsi fonunda Cənubi Qafqaz ilə Mərkəzi Asiya birləşir və yeni strateji alyans formalaşır. Eyni zamanda, Azərbaycanın artan nüfuzu həmin ölkələrin və bütövlükdə təşkilatın inkişafına önəmli töhfə verir. Həmçinin Cənubi Qafqaz özünü mühüm nəqliyyat və logistika habı kimi təsdiqləyərək Azərbaycanın liderliyi ilə Mərkəzi Asiya, Yaxın Şərq və ümumiyyətlə, Avrasiya məkanının ən vacib elementlərindən birinə çevrilir. Əlavə olaraq, ölkəmiz yeni reallıqlarda uğurlu xarici siyasəti, iqtisadi potensialı, hab kimi mövqeyi və sürətli inkişafı ilə öz töhfələrini təkcə bölgədə deyil, Mərkəzi Asiya və daha geniş arealda artırır”.
“Tamhüquqlu üzv kimi Azərbaycan həm təşkilatın, həm üzv ölkələrin, həm də Cənubi Qafqaz regionunun, o cümlədən Ermənistan və Gürcüstanın da iqtisadi dirçəlişinə töhfə verir. Bir sözlə, Azərbaycan yeni geosiyasi reallıqlarda həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə çox mühüm növbəti addımlardan birini atıb”, – deyə o sözlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli












