Cənubi Qafqazın “Marshall planı”? – ABŞ və Aİ-dən milyardlıq İNVESTİSİYA
“Regionu çox böyük çiçəklənmə gözləyir”.
Bu sözləri Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması, ABŞ-nin regiona gəlişi və bunun əhəmiyyətini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, baş tutacaq razılaşmaları XXI əsrin ən önəmli hadisəsi adlandırıb:
“ABŞ də baş verən görüş tarixi, iqtisadi, strateji əhəmiyyəti baxımdan kifayət qədər ciddidir. Bu XXI əsrin ən böyük hadisəsi olacaq. Azərbaycanla Ermənistan memorandum imzalayacaq və sonrakı proseslərin vaxtını və öhdəliklərini müəyyənləşdirəcəklər. Yaxud xarici işlər nazirləri razılaşdırılmış müqaviləni stolun üstünə qoyacaq. İki haldan biri baş verəcək və hər ikisi də ciddi sənəddir”.
O, diqqətə çatdırıb ki, ABŞ Azərbaycan, ABŞ Ermənistan arasında iqtisadi, strateji müqavilə imzalanacaq:
“907-ci düzəliş indiki halda götürüləcək. Corc Buşun vaxtındakı kimi dayandırılmayacaq, tamamilə götürüləcək. ABŞ ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında xartiya imzalanacaq. NATO-dan kənar ABŞ 20-dən çox ölkə ilə belə bir müqavilə imzalayıb. Bu Azərbaycanla da baş verəcək. Həmçinin kommunikasiya xətlərinin açılması bağlı bəyanat veriləcək. Bu, təkcə Azərbaycan və Ermənistan xalqlarının sülhə doğru atdığı addım deyil, eləcə də bu Cənubi Qafqaz da daxil olmaqla, ümumilikdə Orta Asiya respublikalarından karbohidrogen ehtiyatlarının, Qazaxıstan neftinin, Türkmənistan qazının, habelə Azərbaycan neft və qazının Türkiyə üzərindən Avropaya nəqlidir. Bu müqavilə trans-ərəb kəmərindən çox öndədir. Bu Türkiyənin Rusiya qazından, İran neftindən asılılığını sıfıra endirəcək, Ankaranın gücünü birə üç artıracaq. Söhbət on milyarddan yox, yüz milyarddan gedir”.
Həmsöhbətimizin fikrincə, Azərbaycan və Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun buraxılması üçün də müraciət ünvanlayacaqlar:
“Qazaxıstan Rusiyadan asılıdır. Başqa hadisə olmasa, bu da sıfıra enəcək. Ermənistan isə hazırda Rusiya və İrandan asılıdır ki, bu tendensiya da sıfıra enir. Bu da kifayət qədər ciddi prosesdir. Bu müqavilənin Vaşinqtondan başqa yerdə imzalanmasının yolu yox idi. Bu dəhlizə nəzarəti Rusiya götürmək istəyirdi, İran isə ümumiyyətlə, dəhlizin açılmasını istəmirdi. Donald Tramp olmasaydı, dəhliz Tramp körpüsü adlandırılmasaydı və Vaşinqtonda imzalanmasaydı, bunun perspektivi sıfıra bərabər idi. Yenə də Xəzərin altından keçəcək neft, qaz kəmərini İran və Rusiya ekoloji təmizlik adı altında bloka salacaqdı”.
“Regiona həm ABŞ-dən, həm də Avropa İttifaqından böyük investisiyalar gələcək. Artıq Avropa İttifaqı Orta Asiya respublikalarına, 10 milyard bir, 12 milyard da bir investisiya qoyub. Odur ki, bu regiona Avropa İttifaqı və ABŞ investisiya qoyacaq. Bu kəmər region dövlətlərinə ildə 100 milyard gəlir verəcək, Azərbaycan və Ermənistan “İbrahim sazişi”nə qoşulacaq. Regionu çox böyük çiçəklənmə gözləyir”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd