Cərimə meydançasına aparılan avtomobillərlə bağlı YENİ QAYDA
Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.
Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, dayanma, durma və ya parklama qaydalarının pozulması (sürücü avtomobilin yanında olmadıqda və hərəkətə maneə yaratdıqda) hallarında nəqliyyat vasitəsinin geri qaytarılmasının əsas şərti duracağa gətirilmə və saxlanılma haqqının ödənilməsidir.
“Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Əgər nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya duracaqda ona maddi zərər vurulmuşdursa, sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq avtomobilin duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq.
Nəqliyyat vasitəsinin duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya cərimə qərarı ləğv edildikdə, ödənilmiş haqqın məbləği müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin sahibinə geri qaytarılacaq.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.












