Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Quo Mini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, son zamanlar müxtəlif beynəlxalq platformalarda ali səviyyəli görüşlərin, yüksək səviyyəli siyasi təmasların, baş tutan qarşılıqlı səfər mübadilələrinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini diqqətə çatdırıblar.
Ölkələr arasında qarşılıqlı etimad və hörmət əsasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət, mədəniyyət, elm və təhsil, turizm, yüksək texnologiyalar və bir sıra istiqamətlərdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin iki ölkənin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ediblər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Çin şirkətlərinin iştirakı üçün geniş potensial olduğu bildirilib.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və gələcək mötəbər tədbirlərdə ölkələrimiz arasında əməkdaşlıq üçün əlavə perspektivlər yarandığı qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Quo Minə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
www.yenicag.az