Ceyhun Bayramov İsveçrə səfirini qəbul etdi

Fevralın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə səfiri Muriel Peneveyreni ölkədəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət, bağlantılar, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafını qeyd edən nazir bu istiqamətdə göstərdiyi səylərə görə səfir Muriel Peneveyreyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

C.Bayramov həmçinin postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistanın postmünaqişə dövründə sülh gündəliyinə xələl gətirən addımları, o cümlədən Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, bu kimi təxribatlara, habelə Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanmış əsassız iddialarına baxmayaraq Azərbaycanın sülh prosesində qərarlı olduğunu bildirib.

Nazir eyni zamanda mina təhdidləri barədə ətraflı məlumat verib. Laçın yolu ətrafında yaranmış vəziyyətin blokada və ya humanitar vəziyyətə mənfi təsir etməsi barədə iddiaların əsassız olduğu barədə misalları diqqətə çatdırıb.

M.Peneveyre Azərbaycan və İsveçrə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, bu xüsusda səylərin gücləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, ötən il diplomatik münasibətlərin 30 illiyi tədbirlərini, ikitəRəfli komissiyanın işini, yüksək səviyyəli səfərləri məmnunluqla xatırlayıb. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində normallaşma gündəliyinin və sülh sazişi üzrə danışıqların davam etməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.