İyulun 24-də Xarici İşlər naziri Ceyhun Bayramov son günlərdə bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmaların üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərimizin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa dövlətlərindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.
Videokonfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı vandalizm aktlarının törədilməsi, nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatı və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanat və fəaliyyəti məsələsinə toxunaraq, işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşının alındığını və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd edib.
Nazir xarici ölkələrdə erməni daşnaklarının özündə terror elementlərini ehtiva edən cinayət əməllərinin qarşısının alınması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı aidiyyəti ölkələrin müvafiq qurumları ilə görülən işlər barəsində məlumat verib.
Dövlətimizin hər zaman olduğu kimi, soydaşlarımızın yanında olması vurğulanıb və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımi yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimat verilib. Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
AR Prezidentinin köməkçisi, Preident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə Prezidentin və Birinci vitse-prezidentin nəzarəti altında olduğunu qeyd edib.
Erməni radikal qüvvələrinin vandalizmi nəticəsində xəsarət alan vətəndaşlarımıza və soydaşlarımıza müvafiq diqqətin göstərilməsinin vacibliyi, eləcə də irqçilik və nifrət zəminində cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməli olduqları bildirilib.
AR Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həmvətənlərə ünvanladığı müraciətinin qəlbində vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarış olduğunu vurğulayan H.Hacıyev, bu müraciətdə QHT və insan hüquqlarının müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırışın aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor fəallarının Ermənistanın iki dövlətin beynəlxalq sərhədində törətdiyi hərbi təxribata etiraz olaraq, xarici ölkələrdə yalnız qanun çərçivəsində və dinc aksiyalarla çıxış etdiyini vurğulayıb.
Bu aksiyalarda çoxsaylı soydaşlarımızın Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olunub.
Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək, akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat veriblər.
Videokonfrans iştirakçıları diplomatik nümayəndəliklərin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhəkmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyətə cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov vəziyyətin nəzarətdə saxlanılması və mütəmadi məlumat mübadiləsinin aparılması üçün bu kimi videokonfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd edib. Diplomatik nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olumuş nəticələr barədə Mərkəzi mütəmadi məlumatlandırmaq tapşırılıb.
www.yenicag.az