Ceyhun Məmmədov: “Sülh müqaviləsinin imzalanması neçə-neçə gəncimizin həyatını xilas edəcək”
“Sülh müqaviləsinin imzalanması neçə-neçə gəncimizin həyatını xilas edəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat ABŞ-nin Vaşinqton şəhərində keçirilən üçtərəfli görüşün nəticələri və Azərbaycanın bu görüşdə əldə etdiyi nailiyyətlərdən danışıb.
Onun sözlərinə görə, Vaşinqton səfəri bir çox mühüm məsələlərlə yadda qaldı:
“Regionumuz üçün olduqca vacib məsələləri kökündən həll etdi. Həm regional müstəvidə, həm dünya müstəvisində Azərbaycan özünün mövqeyini gücləndirdi. Ən mühüm məsələlərdən biri isə odur ki, müharibəyə son qoydu. 30 ildən artıq bir müddətdə baş verən müharibə Azərbaycana bir çox fəlakətlər, müsibətlər gətirdi. Çox sayda vətəndaşımız, gəncimiz, yaşlımız həyatını itirdi və sülh müqaviləsinin uzanması neçə-neçə gəncimizin həyatını xilas edəcək. Əvvəlki dövrdə vaxtaşırı ordumuz gənc əsgərlərini itirirdi ki, artıq buna son qoyuldu”.
C. Məmmədov sonda qeyd edib ki, əldə edilən sülh regionda Azərbaycan və Ermənistan arasında müharibənin davam etməsini istəyən qüvvələrin arzusunu da ürəyində qoydu:
“Eyni zamanda bölgəmizdə qeyri-sabitliyin davam etməsini istəyən, müharibənin davam etməsini istəyən şər qüvvələr vardı ki, onların arzularına, çirkin planlarına və niyyətlərinə son qoyuldu, Azərbaycan suverenliyini bərqərar etdi. Bu gün dünyada yüzlərlə münaqişə ocağı var, bütün dövlətlər bunu həll edə, məqsədlərinə nail ola bilməyiblər, amma Azərbaycan öz məqsədinə nail oldu. Bu sülh müqaviləsi ölkəmizi bir çox bəlalardan, yad təsirlərdən qoruyacaq, bölgəmizə yeni müdaxilələrdən, müharibələrin başlamasından birmənalı olaraq xilas edəcək və yeni bir mərhələyə daxil olmasına şərait yaradacaq”.
Nurlan Cəfəri