Çin və Hindistana qarşı BÖYÜK OYUN – ABŞ-nin sanksiya təhdidi nədən XƏBƏR VERİR?
“Sanksiyalar uzunmüddətli olarsa, bu, ticari müharibənin və ya yeni bir kataklizmin başlanğıc mərhələsinə çevrilə bilə”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.
G. Hüseynova ABŞ-nin Çin və Hindistana tətbiq etmək qərarına gəldiyi sanksiyalardan və bu sanksiyaların iki ölkə iqtisadiyyatına vura biləcəyi mümkün zərəri şərh edib.
Onun sözlərinə görə, ABŞ hökumətinin bir sıra ölkələrin iqtisadiyyatına tətbiq etdiyi sanksiya ticari müharibədir:
“Ticari müharibənin fəsadları siyasi müharibədən daha ağır olur, krizislər kimi nə gözləniləcəyi bəlli deyil. Qərardan öncə sadəcə biz ekspertlər təxmin edib proqnoz veririk. ABŞ rəhbərliyinin bu qərarı Çin və Hindistan kimi böyük iqtisadiyyata malik olan, idxaldan asılı olmayan ölkənin iqtisadiyyatına zərbə vurmaqdır. Məlumdur ki, ABŞ və Çin arasındakı bu iqtisadi savaş illərdir davam edir. Hindistan iqtisadiyyatına da müxtəlif zamanlarda müdaxilə olunub. Yəni ABŞ-nin Rusiyanı bəhanə edib dolayı yolla digər ölkələrin iqtisadiyyatına təzyiqi gözlənilən idi”.
Mütəxəssis bu sanksiyalardan ən çox Hindistanın ziyan görəcəyini vurğulayıb:
“21 gündən sonra Hindistana fərqli tarif tətbiq olunacaq. Hindistan iqtisadiyyatında ixracatın 17%-ni ABŞ təşkil edir. Bu da böyük hissə deməkdir. Bu qərar qlobal iqtisadiyyatda mal və xidmətlərin qiymətlərinin artımı deməkdir. Bununla belə, həmin ölkələr üçün diversifikasiya dəyişikliyi, başqa sözlə desək, yeni alternativ bazar axtarışında olması gözlənilir. Təbii ki, bu qeyd olunanlar qısa müddətli xarakter daşıyır. Uzunmüddətli olarsa, ticari müharibənin rəsmən başlanğıcı və ya yeni bir krizisin başlanğıc mərhələsinə çevrilə bilər”.
Nurlan Cəfəri