Çinarə Ağayeva: “Yeni qaydalar sahibkarların məsuliyyətini artıracaq”

media-hightechnic-468x90

 

 

Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilən Gömrük Məcəlləsinə dəyişikliklər biznes dairələrində müzakirələrə səbəb olub.

Təklif edilən dəyişikliklərin əsas məqsədi gömrük borcunun ödənilməsi məsələsində məsul şəxsin hüquqi olaraq konkretləşdirilməsidir. Əvvəlki hüquqi tənzimləməyə əsasən, gömrük borcu “istənilən maraqlı şəxs” tərəfindən ödənilə bilərdi. Bu, bəzi hallarda borclu olmayan şəxslərin gömrük öhdəliklərini yerinə yetirməsinə imkan verirdi. Yeni layihə isə bu yanaşmanı dəyişir və gömrük ödənişlərinin yalnız borclu olan şəxslər və ya bu Məcəllədə nəzərdə tutulmuş təminat üsulları çərçivəsində məsuliyyət daşıyan şəxslər tərəfindən ödənilməsini tələb edir.

Hüquq məsələləri üzrə ekspert, biznes konsultant Çinarə Ağayeva Gömrük Məcəlləsinə təklif olunan dəyişikliyin sahibkarlara təsirlərini şərh edib. Onun sözlərinə görə, “maraqlı şəxs” ifadəsi hüquqi baxımdan qeyri-dəqiq və geniş yozula bilən anlayışdır: “Beynəlxalq təcrübədə məsuliyyət “məsul olan istənilən şəxs” prinsipi ilə müəyyən edilir. Gömrük borcunun yalnız məsul şəxs tərəfindən ödənilməsi öhdəliyi gömrük sistemində şəffaflığın və cavabdehliyin artırılmasına xidmət edir. Girov, bank qarantiyası, sığorta və digər təminat mexanizmləri vasitəsilə məsuliyyətin daha aydın paylaşılması mümkündür. Bu baxımdan, Gömrük Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən gömrük öhdəlikləri daha konkret şəkildə müəyyənləşdiriləcək ki, bu da hüquqi mübahisələrin sayını azalda bilər. Həmçinin gömrük orqanları yalnız məsul şəxsdən ödəniş tələb edəcəkləri üçün maliyyə riskləri daha yaxşı idarə olunacaq. Bu, gömrük intizamının gücləndirilməsinə səbəb olacaq. Belə ki, məsuliyyət daşıyan şəxslərin ödəniş öhdəliyi onların daha məsuliyyətli davranmasına gətirib çıxaracaq”.
Çinarə Ağayeva yeni qaydaların tətbiqinin biznesə, sahibkarların işinə mümkün mənfi təsirlərinin olacağını da istisna etməyib.

Qeyd edib ki, bu, bəzi hallarda biznes çevikliyini azalda bilər:

“Bəzən müəssisələr və ya üçüncü tərəflər (məsələn, logistik şirkətlər və ya müştərilər) gömrük borcunu operativ şəkildə ödəyərək malın saxlanma xərclərini azaltmağa çalışırdılar. Yeni qaydalar bu imkanı məhdudlaşdıracaq. Bu isə təcili hallarda ödənişin çətinləşməsinə gətirə bilər. Gömrük borcunun yalnız borclu şəxs tərəfindən ödənilməsi, ödənişin təxirə düşməsi və malların sərhəddə daha uzun müddət saxlanması riskini artırır”.

Ekspert hesab edir ki, yeni qaydaların tətbiqində bəzi mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Kiçik sahibkarlar üçün sürətləndirilmiş təminat prosedurlarının yaradılması, eləcə də elektron təminat sistemlərinin tətbiqinin genişləndirilməsi, tam rəqəmsal transformasiya biznesin çevikliyinə mənfi təsir edə biləcək halların qarşısını ala bilər.

“Ümumilikdə, bu dəyişikliklər gömrük sahəsində cavabdehliyin və hüquqi aydınlığın artırılması baxımından müsbət addımdır”, – deyə Çinarə Ağayeva əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600