Çində oğurlanmış “iPhone”ların qlobal anbarı aşkarlandı
Dünyanın müxtəlif yerlərindən oğurlanmış “Apple” smartfonlarının böyük bir hissəsi sonda Çində yerləşən tək bir binaya çatdırılır.
Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin araşdırmasında deyilir.
Jurnalistlər bu məkanı “oğurlanmış “iPhone”ların dünya evi” adlandırıblar.
Bu qeyri-rəsmi ad ilk baxışda diqqət çəkməyən və Şençjen şəhərinin Xuaçyanbey rayonunda yerləşən “Feiyang Times” adlı bir göydələnə aiddir. FT-nın məlumatına görə, bu bina “Apple” məhsullarının qeyri-qanuni yollarla qlobal dövriyyəsinin əsas habı (mərkəzi) sayılır.
Qəzet məsələyə nümunə kimi Londonlu sahibkar Sem Amraninin hekayəsini təqdim edir. Onun “iPhone 15 Pro” modeli elektrik velosipedindəki iki oğru tərəfindən əllərindən qapılıb. “Apple” şirkətinin “Find My” izləmə funksiyası vasitəsilə Amrani telefonunun 10 min kilometrdən artıq bir məsafəni çox qısa vaxtda qət etdiyini izləyə bilib. Qurğu əvvəlcə Londonda qeyri-qanuni fəaliyyət göstərən bir neçə mobil telefon təmir emalatxanasında olub, daha sonra isə Honq Konq vasitəsilə sürətlə Şençjenə konkret olaraq “Feiyang Times” binasına çatdırılıb.
Bu bina artıq uzun müddətdir ki, “iPhone” modellərinin təmiri ilə məşhur olsa da, “Financial Times” onu həm də oğurlanmış cihazların əsas bazarı kimi təqdim edir. Binanın dördüncü mərtəbəsi xüsusilə Avropa və ABŞ-dan gətirilmiş ikinci əl “iPhone”ların satışı ilə məşğuldur. Bu cihazların bir hissəsi tam qanuni şəkildə satışa çıxarılır – məsələn, istifadəçilər tərəfindən yeni model alarkən geri qaytarılmış qurğular. Amma eyni zamanda bu bina, sosial şəbəkələrdə oğurlanmış elektronikanın alqı-satqısı ilə məşğul olan müxtəlif icmaların görüş yeri kimi də tanınır.
Oğurlanmış smartfonlar, bloklanmış olsalar belə, “təmiz” cihazlar qədər dəyərli olmasalar da, onların komponentləri üçün alıcılar həmişə tapılır.
“Financial Times”ın məlumatına əsasən, təkcə Londonda oğurlanmış smartfonların qeyri-rəsmi bazar dövriyyəsi ildə təxminən 65,5 milyon dollar təşkil edir.