Telefon sinqalını kəsən və kameraları çaşdıran ağıllı geyimlər yaradıldı
Almaniyada hazırlanan izlənmə əleyhinə ağıllı geyimlər, süni intellektlə çalışan təhlükəsizlik kameralarını çaşdıraraq cinsiyyət və kimlik təyinatını qeyri-mümkün edir.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qlobal miqyasda ictimai yerlərdə süni intellekt dəstəkli təhlükəsizlik kameralarının tətbiqi genişlənərkən, Almaniyada rəqəmsal izlənməyə qarşı diqqətçəkən startap layihəsi reallaşdırılıb.

Leypsiq şəhərində fəaliyyət göstərən “Urban Privacy” startapı kameraların insanları izləməsinin qarşısını alan, biometrik məlumatların oxunmasını çətinləşdirən və mobil şəbəkə siqnallarını tamamilə kəsən xüsusi geyim kolleksiyası hazırlayıb. Rəqəmsal dövrdə şəxsi həyatın məxfiliyini qorumağı hədəfləyən bu kolleksiya, fərdi təhlükəsizlik vasitəsi kimi böyük maraq doğurub.
Dizaynerlər Nikol Şeller (Nicole Scheller) və Daniel Proys (Daniel Preuss) tərəfindən ərsəyə gətirilən bu geyimlər insanı fiziki olaraq gizlətməsə də, süni intellekt proqramlarının işini çətinləşdirir. Ceketlərin üzərində ağıllı kameraları yanıltmaq və insan üzü təəssüratı yaratmaq məqsədilə xüsusi naxışlar yerləşdirilib. Kameranın fokusunu dağıdan bu təsvirlərlə yanaşı, geyimlərin asimmetrik və gen biçimi süni intellekt alqoritmlərinin bədən cizgilərini, eləcə də cinsiyyəti analiz etməsinə mane olur.

Startapın ən çox diqqət çəkən layihələrindən biri də arzuolunmaz fotoların qarşısını alan QR kodlu fularlardır. Küçədə hər hansı şəxs icazəsiz olaraq sizi lentə almaq istədikdə, kameranın işığı təsviri oxuyur və həmin şəxsin smartfon ekranında dərhal xəbərdarlıq linki aktivləşir. Şirkətin digər populyar məhsulu isə mobil telefonları şəbəkədən və GPS peyklərindən tamamilə ayıraraq cihazın rəqəmsal izini sıfırlayan xüsusi qoruyuculu kılıflardır.
Dizayner Nikol Şeller bildirib ki, müasir dövrdə rəqəmsal məlumatlar yeni bir strateji resurs kimi amansızca toplanır. Ağıllı eynəklər istehsal edən sosial media nəhənglərinin fəaliyyətinə diqqət çəkən dizayner vurğulayıb:

“Əsas problem kameraların topladığı böyük həcmli məlumatların hara ötürüldüyünü bilməməyimizdir. ‘Urban Privacy’ konsepsiyası dəbi sadəcə vizual geyim tərzi olmaqdan çıxararaq, fərdi kimliyi və şəxsi məlumatları qoruyan müdafiə mexanizminə çevirir”.
Qeyd olunur ki, Almaniya Daxili İşlər Nazirliyinin dəmir yolu stansiyalarını biometrik üzbənizetmə sisteminə malik ağıllı kameralarla təchiz etmək planı ölkədə ciddi müzakirələrə səbəb olub.
“AlgorithmWatch” kimi hüquq müdafiə təşkilatları bu texnologiyanın ictimai yerlərdə anonimliyi tamamilə yox edəcəyini iddia edərək layihəyə etiraz edirlər. Almaniya Polis Həmkarlar İttifaqı isə kadr çatışmazlığı və artan cinayətkarlıq fonunda qanun pozucularının, eləcə də terror şübhəlilərinin operativ şəkildə saxlanılması üçün süni intellekt dəstəyinin zəruri olduğunu bildirir.
Ayşən













