Çobanlığın spesifikası və yaxud mən necə milyarder ola bilərəm? – Rəfi Müslümov yazır...

media-hightechnic-468x90

 

Şərurlu İsfəndiyarın (İsfəndiyar Axundov – red.) məlum müsahibəsini, yəqin ki, hər kəs xatırlayır. Çobanlığın formulundan söz açaraq milyarderliyə gedən motivasiya dolu söhbətlərdən sonra mənə məlum oldu ki, “sən demə, oxumaq, əslində, heç nəyi dəyişdirmirmiş”. Yəni nə qədər ali təhsilli olsan da, nə qədər gecələr yuxusuz qalıb öz məqsədlərinə çatmaq üçün gözünün qarasını kitab-dəftərə töksən də, nəticədə sən hansısa şipşirin, ton-ton bir iş adamının yanında işləməyə məcbur qalacaqsan. Təbii ki, onun şipşirin və ton-ton olması məsələsi burada müəmmalıdır. Nə isə…

Bizim İsfəndiyar kişi deyir ki, hər ay alimlərə 10-15 min dollar maaş verir, özü isə oxumağa ehtiyac duymayıb. Bu, mənə elə gəlir ki, sadəlik pərdəsi altında gizlənmiş qəribə bir lovğalıqdır. Yəni bizim İsfəndiyar dayı “müasir çoban” obrazı ilə sanki – yox, elə sözün həqiqi mənasında, xalqa bəyan edir ki, “oxumağa, təhsilə nə hacət? Çoban ol, amma zəngin çoban!”

Onun bu şirin dillə çobanlığın və milyarderliyin spesifikası haqqında söylədiyi leksiyalar, əslində, təhsilin, zəkanın alçaldılmasıdır. Çobanlıq çətin peşə ola bilər, amma İsfəndiyar kişinin çobanlıqla işi yoxdur. O, sadəcə bu maskadan istifadə edib uğurlu iş adamı kimliyini qurub.

Amma, nə yalan deyim, bu adamdakı səmimiyyəti çox sevdim. Yalan deməyəcəyəm. Gülərək işinin davam etdiyini deyən bizim İsfəndiyar kişi, yaxşı olardı ki, Ceff Bezos, Mark Zukerberq, Cek Ma, İlon Mask və digər milyarderlərin zaman-zaman çıxış etdiyi “TEDx” platformasında öz uğur hekayəsindən danışsa, gənclərə motivasiya versə, məncə, pis olmaz. Hə, bir də ki, alimlərə 10-15 min dollar verməyin nə mənası var? İmkan verin, onlar Elmlər Akademiyasında az maaşla başlarını girələsinlər. Alim hara, 15 min dollar maaş hara? Adamı güldürməyin, siz Allah…

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600