“Çox böyük və əxlaqsız oyun oynanılır”

media-hightechnic-468x90

E8vnac3JM62tDaha iki müxtəlif xəbər portalının baş redaktorları I Avropa Oyunlarına kölgə salmağa çalışan xarici mediadan danışıblar.

Bu barədə danışan Azvision.az və Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktorı öz fikirlərini 7News.Az-la bölüşüblər.

Vüsal Məmmədov: Söhbət təkcə qarayaxmadan getmir. Azərbaycana qarşı əsl informasiya müharibəsi aparılır bugünlərdə. Səbəbini başa düşmək çətin deyil. Niyə biz İlk Avropa Oyunlarına ev sahibliyi etmək üçün bu qədər xərc və zəhmət çəkdik? Çünki bu, bizim üçün Azərbaycanı təbliğ etmək imkanıdır. Ortada təbliğat varsa, onun iki başı var – çünki Azərbaycanın təbliği eyni zamanda Ermənistanın əks-təbliğidir. Ona görə, ermənipərəst mərkəzlər də bizə cavab verəcəkdilər, verirlər də. Olimpiadanın yan effekti budur ki, bizə əks qüvvələr üçün də yaxşı imkan yaradır: ölkəmiz diqqət mərkəzində olur, diqqət mərkəzində olanı isə “vurmaq” asandır. Və onlar da İlk Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək, Azərbaycanın əldə etməyə çalışdığı siyasi və imic qazancını sıfırlamağa çalışırlar. Qərb mediası konkret pula işləyən bir institutdur, maliyyə qarşılığında istənilən xətti yürütməyə hazırdır. Üstəlik, Azərbaycana yanaşmaları erməni lobbisinin yanaşması ilə üst-üstə düşür. Eyni zamanda, Azərbaycanı vurmaq istəyən də təkcə erməni tərəfi deyil. Dövlətdən, hakimiyyətdən istədiyini əldə edə bilməyən Qərb dairələri də indi ölkəmizdən qisas almaq üçün yaxşı fürsət tapıblar. Bütün bunlar bir flakonda qarışanda bizim indi gördüyümüz anti-Azərbaycan informasiya hücumu ortaya çıxır.

Aqil Ələsgər: Bu gün Azərbaycan əslində “Vaşinqton Post” ilə deyil, bir şantaj qrupu ilə üz-üzədir. İstər bəzi senatorların Azərbaycan əleyhinə çıxışları, istərsə də, “Vaşinqton Post”da yayımlanan məlum məqalə Azərbaycanı illərlə istismar edən bir qrupun növbəti şantaj cəhdidir. Mən hazırda bu barədə yazı üzərində işləyirəm. Qısa olaraq bildirim ki, illərdən bəri Azərbaycanın guya ABŞ-da senatorlarla, media qrupları ilə əlaqəsini təşkil edən Amerikan Türk Alyansı kimi qurumlar bu şantajın pərdəarxasını təşkil edirlər. Bəlkə sizə qəribə gələr. Ancaq baxın Türkiyənin əleyhinə yazan qəzet də “Vaşinqton Post”dur. Çünki burada hədəf heç də insan haqqlarının bərpası-filan deyil. Mərkəzi Pensilvaniyada olan Gülən Şəbəkəsi bu yolla hər dəfə istəyinə nail olur. Belə ki, öncə hansısa qəzetdə Azərbaycan əleyhinə yazılar gedir. Sonra bunlar “qurtarıcı” rolunu oynayırlar. Ya da Azərbaycanı tanımayan hansısa senator ölkəmiz əleyhinə erməni lobbisinin yazdığı bəyanatı oxuyur, bunlar araya girib onu “dost” edirlər. Bütün bunlar böyük şantaj oyunlarıdır. Azərbaycanı daim özündən asılı etmək istəyən qrupların növbəti oyunudur. Baxın, Azərbaycanla bağlı Con Kerrinin adı hallandı. Gülən Şəbəkəsinin muzdlu 90 senatoru Ərdoğanı kimə şikayət etmişdi? Kerriyə. Yəni, çox böyük və əxlaqsız oyun oynanılır. Ancaq biz fərqindəyik. İllərdən bəri guya Amerika ilə Azərbaycan arasında körpü rolunu oynadığını iddia edənlər əslində ölkəmizə qarşı növbəti oyunlarını oynayırlar. Lakin unutduqları bir məqam var ki, Azərbaycan prezidenti İlham Əliyevdir. Azərbaycan Prezidenti 2009-cu ildə ABŞ prezidentinin dəvətini rədd edəcək cəsarəti göstərmiş bir şəxsiyyətdir, bu kimi oyunlarla onu yolundan döndərmək imkansızdır. Sadəcə, dövlət adamları da artıq bu oyunun fərqində olmalı və Prezidentə yardım etməlidirlər.

Qeyd edək ki, artıq bir neçə gündür Washington Post ilk Olimpiya Oyunları barədə müxtəlif qarayaxma yazılar dərc etməkdə davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600