Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur

media-hightechnic-468x90

Bugün saytımızın – Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətinin bir ili tamam olur. 1 noyabr 2024-cü ildən başlayan bu zaman tarix üçün çox qısa bir vaxt olsa da Cross Media komandası üçün önəmli məqamdır. Təxminən bir il bundan əvvəl bir yola çıxdıq.

Beləliklə də çoxsaylı saytın, agentliyin, qəzetin, jurnalın, TV-nin, radionun və s. mövcud olduğu media aləminə ilk qədəmlərimizi atdıq. Uzun illərin praktiki və nəzəri media təcrübəsinin olmasına baxmayaraq həvəsəli, həyacanlı və bir az da narahat idik. Bu qədər media bolluğu içərisində “Alınacaqmı?” deyə bir sualı var idi. Amma tərəddüd yox idi. İnam var idi. Cross Media-nın imkanlarından istifadə edərək dövlətə, dövlətçiliyə xidmət etmək, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin təhlilini təqdim etmək, qalib xalqın tarixini yazmaq üçün təbliğat aparmaq, çalışmaq inamı var idi. Gənc, amma bacarıqlı komandamızla fəaliyyətə başladıq. Elə ilk günlərdən, ilk aylardan cəmiyyətdən çox böyük diqqət gördük.

2024-cü il noyabrın 1-də təsis olunan saytımız qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə informasiya məkanında yer tuta bildi. Saytımızın əsas məqsədi cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etmək idi. Bir ildə buna nail olduq deyə bilərik.

Obyektiv və qərəzsiz olmağa çalışdıq. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirdik. İstər saytımızdakı “Prezident gündəliyi” bölməsi, istərsə də “Təhlil” və “Araşdırma” bölmələrində bu prinsipə sadiq qaldıq. Bununla yanaşı təhlili və araşdırma materiallarının dərcinə xüsusi yer verdik. Cross Media Təhlil Mərkəzinin analitikləri – Vüqar Zifəroğlu, Nicat Məmmədli, Pərviz Kazimi, Rauf Məmmədov kimi peşəkarların siyasi, geosiyasi, iqtisadi, sosiloji təhlil və araşdırmaları cəmiyyəti sözün yaxşı mənasında heyrətləndirdi, düşündürdü.

Kollektivlə müzakirələrimizdə orijinallığı qorumağa qərar verdik. Müxtəlif rubrikalarla – mediaya həsr olunan “Mətbuat-150”, qələbəmizi təqdim edən “Zəfər-5”, o cümlədən “Yüksəliş” müsabiqəsinin qalibləri ilə müsahibələri ehtiva edən “”Yüksəliş” hekayəsi”, həmçinin “Dünya iqtisadiyyatı və Azərbaycan”, “Doktor danışır” layihələrilə müntəzəm şəkildə oxucularımın görüşünə gəldik. Humanitar sahəyə – elm, təhsil, mədəniyyət, diaspora xüsusi yanaşma göstərdik.

Crossmedia.az kollektivi Milli Məclisin deputatları, partiya sədrləri, ictimai xadimlər və müxtəlif sahə üzrə ekspertlərlə mütəmadi əməkdaşlıq edərək, informasiya ilə yanaşı, müsahibə, açıqlama, rəylər təqdim etdi, bu işdə də operativliyini və peşəkarlığını qorumağa çalışdı.

Bu çalışmalar içərisində gənc jurnalist nəslinin yetişməsinə töhfə verməyi, öyrətməyi də gözardı etmədik. Qələm tutmağı burada öyrənən gənclər artıq peşəkar media təmsilçisi kimi imzalarını tanıtmaqdadır.

Fəxrlə deyə bilərik ki, 1 yaşlı Analitik İnformasiya Portalımız – Crossmedia.az bu gün artıq etibarlı informasiya mənbəyi, analitik mərkəz və ictimai rəyin formalaşmasında iştirak edən media qurumu kimi tanınır. 1 yaşını tamamlayan Cross Media-çıları təbrik edir və uğurlar arzulayırıq.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa