Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri turniri başa çatıb.
Yenicag.az-ın məlumatına görə, yarışın son günü Azərbaycan millisi aktivinə 1 qızıl və 1 bürünc medal əlavə edib.
Belə ki, yığmamızın üzvü İrina Kindzerska turniri çempion kimi bitirib. +78 kq çəki dərəcəsində mübarizə aparan milliləşdirilmiş legioner finalda braziliyalı Bitrayz Souzanı məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər medalımızı isə Elmar Qasımov (100 kq) qazanıb. Təsəlliverici görüşdə millimizin digər üzvü Zelim Kotsoyevə qalib gələn cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada misirli Ramadan Darvişdən üstün olub.
Beləliklə, Qran-priyə 17 idmançı ilə qatılan Azərbaycan yığmasının qazancı 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat olub. Yarışın ilk 2 günündə Rüstəm Orucov (73 kq) ikinci, Gültac Məmmədəliyeva (52 kq) isə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisi bu nəticə ilə komanda hesabında 75 ölkə arasında 2-ci olub. Yığmamızı yalnız Gürcüstan (1-2-2) qabaqlayıb.
www.yenicag.az