“Trampın komandası Ukraynanı “pis sövdələşmələr”ə məcbur etməmək və Kiyevin suverenliyini qorumaq niyyətində olsa da, gələcəkdə atılacaq addımların nə dərəcədə uğurlu olacağı hələ aydın deyil”.
Yenicag.az xəbər verir ki, bunu yenidən prezident seçilən Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirəcəyi ilə bağlı verdiyi vədin reallaşmaması detalları barədə təhlil aparan siyasi analitik Dan De Lus yazıb.
Onun sözlərinə görə, Donald Tramp seçki kampaniyası zamanı Ukraynadakı müharibəni sürətlə dayandıracağına vəd etdi:
“O, bunun “24 saat” ərzində baş verəcəyini bildirsə də bu vədinin yerinə yetirilməyəcəyi açıq görünür. Müharibə artıq üç ildir davam edir və hələ də sonu görünmür. Trampın komandası Ukrayna rəhbərliyi ilə heç bir sülh təklifi göndərməyib və sülh danışıqları ilə bağlı ciddi təşəbbüslər irəliləməyib. Trampın seçdiyi milli təhlükəsizlik komandası müharibənin dayandırılması və ya atəşkəsin təmin edilməsi üçün çətinliklərlə üzləşdiklərini etiraf ediblər. Məsələn, Trampın xüsusi elçisi Keyt Kelloq müharibəni 100 gün ərzində dayandırmaq mümkün olduğunu qeyd etsə də, bu məsələdə konkret addımların atılmadığı bildirilir”.
Analitikin fikrincə, Tramp Ukraynanın suverenliyini qorumağa və Rusiya ilə razılaşma tapmağa çalışacağını bildirsə də, bu istiqamətdə ciddi addımlar atılmayıb:
“Milli təhlükəsizlik üzrə təyin etdiyi senator Marko Rubio Ukrayna ilə Rusiya arasında sülh razılaşmasının əldə edilməsinin “çox çətin” olduğunu qeyd edərək, bunun ağır diplomatik iş tələb etdiyini vurğulayıb. Rusiya ilə sülh danışıqlarının həyata keçirilməsi üçün heç bir konkret təklif verilmir və müharibənin necə sonlanacağına dair hələ də konkret bir plan yoxdur. Trampın komandası Ukraynanı “pis sövdələşmələrə” məcbur etməmək və suverenliyini qorumaq niyyətində olsa da, gələcəkdə atılacaq addımların nə dərəcədə uğurlu olacağı hələ aydın deyil. Bu vəziyyət, müharibənin gələcəyinə dair suallar yaratmağa davam edir”.
Nəsimi Ələsgərli
www.yenicag.az