“Davam” “Gənc Liderlər üçün Yay Universiteti”nə start verdi – FOTO

“Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 9-13 avqust tarixlərində Gəncə şəhərində baş tutacaq “Gənc Liderlər üçün Yay Universiteti”nə start verilib.

“Yay Universiteti” üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1600-dən çox gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 64 nəfərlik iştirakçı qrupu formalaşdırılıb.

Pandemiyanın yaratdığı vəziyyəti nəzərə alaraq gənclərin sağlamlığının qorunması məqsədilə 7 avqust tarixində “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində Təşkilati Komitənin nümayəndələri və seçilən gənc liderlər koronavirus testi veriblər.

Proqrama əsasən 9 avqust səhər saatlarında gənc liderlər Gəncəyə yollanıb.

Gəncədə layihə iştirakçılarını Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qarşılayıb. Səmimi söhbət əsnasında İbrahim Cəfərov onları layihəyə seçildiklərinə görə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Yay Universiteti”nin ilk günündə müxtəlif panel müzakirələr baş tutub. Millət vəkilləri Naqif Həmzəyev “Sağlam həyat tərzi ilə uğura gedən yol”, Müşfiq Cəfərov isə “Gənclərin dayanıqlı məşğulluğu” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda isə “Yay Universiteti”nin açılışı münasibəti ilə “Welcome Party” baş tutub. Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

Qeyd edək ki, “Gənc Liderlər üçün Yay Universiteti” “Davam” Gənclər Hərəkatı və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində icra edilir.