Bu gün Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
DİN-dən Yeniçağ.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin iki əsr öncə “Böyük Ermənistan” kimi qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin qısa fasilələrlə dəfələrlə təkrarlandığını, nəticədə yüz minlərlə insanın həyatına son qoyulduğunu, genosid barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə xatırladıb.
Nazir müavininin təklifi ilə ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bildirilib ki, erməni millətçilərinin Qafqazda törətdikləri kütləvi qırğınlar və soyqırımı siyasəti onların nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək istəklərinə əsaslanıb. Bu mənfur niyyəti reallaşdırmanın yolu isə soydaşlarımızın soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçib. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla qətlləri ermənilərin Qafqazda məskunlaşması üçün açar rolunu oynayıb.
Polis general-leytenantı İsmət Əliyev xüsusi qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımılarının rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.
Ulu öndərin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi həmin fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da proqram sənədidir. Bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, həmin tarixi sənədin imzalanmasından sonra hər il nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir.
Ulu öndərin kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu, məqsədyönlü, ardıcıl daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir, iri beynəlxalq və regional infrastruktur layihələrdən tamamilə təcrid edilən, siyasi-iqtisadi, demoqrafik böhranla üzləşmiş Ermənistanı getdikcə daha çox ölkə işğalçı kimi tanıyır.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl tarixi gerçəkliklərin həmin dövrdə öz əksini tapmadığını təəssüflə qeyd edib.
Məruzədə xüsusən ötən əsrin əvvəllərindən başlayaraq imperiya qüvvələrinin, imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın – qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyi, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi, eyni zamanda, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulduğu qeyd olunub.
Yeniçağ.Az
www.yenicag.az