Qazi olub sonradan öz hərbçi yoldaşlarına kömək etmək, onları başına toplamaq həm də böyük fədakarlıq istəyir. Nəzərə alsaq ki, qazilərimiz müharibə vaxtı böyük məsuliyyəti, yükü üzərlərinə götürüblər, bu , onların indi görmək istədiyi işlərin yalnız bir parçasıdır.
“Ön Cəbhə” layihəsinin bugünkü qonağı Mehman Ömər oğlu Mustafayevdir. O, 1961-ci ildə Ağdaş rayonunda anadan olub. Burada boya-başa çatıb, 1978-ci ildə orta təhsilini bitirdikdən sonra Bakıda Texniki Peşə Məktəbinə daxil olub. Daha sonra Sovet ordusunda həqiqi hərbi xidmət etmək üçün Əfqanıstana yollanıb. Birinci Qarabağ müharibəsi əlilidir, ailəlidir, üç övladı var.
“Burada hamını qırmışdılar”
– Mehman bəy, necə oldu siz ali təhsilinizi, ailənizi, işinizi yox Qarabağda döyüşməyi üstün tutdunuz?
– Əvvəla, bu xeyir işlə məşğul olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Bu gün bizləri yada salmaq şəxsən məni kövrəldir. Mənim heç kimim, heç nəyim torpağımdan önəmli ola bilməzdi. Ona görə də ilk düşündüyüm torpaqlarımızın xilası olub. Sovet ordusundan qayıtdıqdan sonra başa düşmüşəm ki, Əfqanıstanda mənasız yerə can qoymuşam. Bu ölkədəki müharibədə sağlamlığımı qoymuşam. Oradan qayıtdıqdan sonra bədənimdə yaranan xəstəliklərlə bağlı müalicə almışam. Bu vəziyyətdə olmağıma baxmayaraq, 1986-cı ildə Əfqanıstan müharibəsi veteranı biletimi aldım. Sonra İnşaat İnstitutuna daxil oldum. Səhərlər 2 nömrəli tikmə kombinatında işləyib, gecələr oxuyurdum. Nəhayət, 1988-ci ildə Azadlıq hərəkatına qoşuldum. Meydan dağılana qədər orada oldum. Mitinqlər bitdikdən sonra Müdafiə komitəsi yaradıldı. Əfqanıstanda döyüşənləri Qarabağa göndərirdilər ki, gedin baxın, orada postlarımız necə qurulub, döyüş hazırlıqları necə gedir? Biz təcrübəli kadrlar sayılırdıq. Mən Xocavənd rayonuna getmişdim. Elə kəndlər var idi ki, bizə dedilər, oralara getməyin. Amma biz ən sonuncu kənd olan Qaradağlıya getdik. Bu gün heç kimin Qaradağlıdan xəbəri yoxdur, hamı Xocalıdakı faciəni bilir. Ancaq hamı bilsin- Xocalıdan da dəhşətli soyqırımı Qaradağlıda baş verib. Bütün hamını qırmışdılar.
“Böyük çanta dolu silahı rus polisinin gözü qarşısında Qarabağa aparmışıq”
– Hələ biz 1988-ci ildə Meydan hərakatının vaxtında Əfqanıstanda döyüşənlərin toplanılması ilə bağlı göstəriş verilmişdi. Bizə bildirdilər ki, əvvəlcə meydanı qoruyun sonra gizli olaraq Qarabağa silah aparmalısınız. Meydandan sonra silah işlərinə baxmağa başladıq. Bütün hərbi hissələrə adamlarımı yerləşdirdim, özüm də Rəhim Qazıyevlə rus əsgərlərinin avtomobillə daşıdığı silahları əllərindən alırdıq. Hərbi hissələrdəki adamlarmız bizə məxfi məlumatları ötürürdü. Birinci dəfə 8 avtomobili Qazıyev, 7-ni isə mən tərk silah edərək Müdafiə Şurasına gətirdik. Oradan da silahlar Qarabağa göndərildi. Nədənsə qarşı tərəf bizə müqavimət göstərmirdi. Ələ keçirdiyimiz texnikanı, silahı gecə ilə aparıb döyüş bölglərinə təhvil verirdik. Bir dəfə dostumla onun özünün belə xəbəri olmadan böyük bir çanta silahı rus polisinin gözü qarşısında Bakı vağzalından Qarabağa aparmışıq. İnanın, şəhərdən çıxana kimi tutulmayaq deyə, 10 taksi dəyşmişdik. Çox şeylər olub e…
“Xəlil Rza ağlasa, döyüşə getməyəcəm, əksini görsəm, demək ki, bu xalq hələ ayaqdadır”
– Əfqanıstan döyüşlərindəki iştirakıma görə mənə maşın hədiyyə edilmişdi. Həmin avtomobilin və 25 nəfərin köməyi ilə bu işləri görürdük. Qrupumuzda ilk vaxtlar Milli qəhrəman Aytəkin Məmmədova, Sahib və Məhəmməd (soyadlarını unudub) var idi. Bizə kəşfiyyatçı kimi 3 kəndə daxil olmaq icazəsi verilmişdi. Amma biz dayana bilməyib Xocəvənd rayonunda gizli qaldıq. Oranın kolxoz sədri satqın idi deyə ondan gizli Qaradağlıya keçdik. Oraların xəritəsini müəyyənləşdirmişdik. Bakıya qayıdıb məlumatları Müdafiə Nazirliyinə təhvil verəndə hər kəs çox təəccübləndi. Həmin ərazilərə heç kim girə bilmirdi axı. Onu da deyim ki, bizi yığıb ilk dəfə Qarabağa göndərəndə 200- könüllüdən səhəri yola düşən 7 oldu. Əməliyyatı uğurla həyata keçirdiyimizə görə, Türkiyədə istirahət etmək üçün bizə üzünü heç vaxt görmədiyimiz xarici pasport və viza verdilər. Amma elə həmin gün xəbər gəldi ki, Xəlil Rzanın oğlu Təbriz rəhmətə gedib. Mən dostlarımı toplayıb Türkiyə məsələsini bağlamağı və dəfnə getməyi məsləhət gördüm. Öz-özümə dedim ki, Xəlil Rza orda ağlasa, döyüşə getməyəcəm, əksini görsəm, demək ki, bu xalq hələ ayaqdadır, milli ruh ölməyib, Qarabağa gedəcəyik. Biz dəfnə getdik, Xəlil Rza dedi ki, heç kim ağlamasın. O, imperiyadan aldığı bütün fəxri adlar cırıb atdı. Bildirdi ki, onun üçün ən böyük ad “Şəhid atası” adıdır. Özümdən asılı olmayaraq ağladım və biz birbaşa Qarabağa yollandıq. Beləliklə döyüş yolum Şuşadan başladı.
“Xəstə də olsam adyala büküb tankın dalına bağlayın”
Döyüş bölgəsinə ilk getdiyimiz gün hər yer çirkab içində idi. Buna dözməyib bir gecədə hər tərəfi təmizlətdirdim. O gecə növbətçiliyi üzərimə götürdüm. Yanımda hər şeylərini atıb gələn ziyalılar da vardı. Ilk hücum əməliyyatında komandir dostlardan bir ayağından yaralandı. Dəhşətli döyüş gedirdi deyə uşaqların çoxu şokdaydı və əməliyyat bitənə qədər komandir yaralanmağını hərbçilərdən gizlətdi. Əməlli-başlı qan itirmişdi. Döyüş bitən kimi onu yarasını sarıdıq. Biz 17 nəfər Əfqanıstanda döyüşləri görmüşdük deyə qorxmurduq. Komandirimiz Tofiq Oğuz bizi hələ 1988-ci ildən Meydandan tanıyırdı və bizə güvənirdi. Artıq nəzarəti ələ almışdıq. Təmizliyə qədər hər şeyi qaydasına qoyduq. Beləliklə, Şuşa batalyonu formalaşdı. 23 fevralda Şuşaya artileriya hücumu başladı, vertolyotlar bizi vururdu. Biz bir minamyotla atırdıq, sadəcə avtomatlarımız vardı. Onunla da hara ata bilərdik ki? Bizim uşaqlardan Siyavuş Həsənov və Aytəkin Məmmədova milli qəhraman idi. Şuşanın alındığı gün mən böyrəklərimdən müalicə almaq üçün hospitalda idim. Ancaq uşaqlara demişdim ki, xəstə də olsam adyala büküb tankın dalına bağlayın. Qoy məni döyüş bölgələrini sürüyüb aparsın, sizinlə birlikdə ölüm.
-Bəy erməni əsiri tutmusuz və ona necə davranmısız?
-Bəli, tutmuşam və necə lazımdı dərsini vermişik. İnanın onlar necə qorxaqdılar necə yalvarırdılar. Nihat bəy, çox şeylər yaşadıq, gördük. Şuşada hücum əməliyyatı olanda elə qəribə vəziyyət yaranmışdı ki, hara atsaq bir- birimizi vururduq. Çünki erməni hər yeri elə dəqiqliklə vururdu ki, dəhşət idi. Ən qəribəsi və kədərlisi o idi ki, qalada olan dustaqların hamısını buraxdılar. Onların hamısı son damla qanına qədər döyüşdü. Bəzilərinin ayaqqabıları belə yox idi. Şəhidlərimiz, yaralılarımız avtomobillərdə daşınırdı. Vurulanlar tikə-tikə olmuşdu. Bir oğlanın güllə ağzından girib başının arxasından çıxmışdı. Amma ölmədi. Nail Kazımovu vurdular. Onu Bakıya hospiatala aparmaq üçün yola düşəndə qabağımızı öz əsgərlərimiz kəsdilər. Guya silah axtarırdılar. Həmin an Naili xərəkdən yerə atdılar və maşını axtardılar. Bu vaxt bir uşaq da biz tərəfə gəldi. Böyük ehtimal o, qaçanda valideyinlərin vurmuşdular. İndi onları axtarırdı. Əsgərlərimiz onu da qolundan vurdular. Qolu qəribə şəkildə şişməyə başladı.Yola davam etdik ancaq Nail bəyi xilas edə bilmədik. Həmən döyüşlərdə onsuz da silahımız az idi, üstəlik də öz vertolyotumuzun bizi bombalaması, yolda əsgərlərimizin bizi təhqir etməsi utancvericidir. Saysız erməni öldürmüşük, amma nə olsun bu gün məğlub durumdayıq.
-Mehman bəy bu gün Qarabağ qayıtsa və siz hardasa bir erməni qazisi ilə qarşılaşsaz əlini sıxarsız, barışarsız? Bu gün keçmiş qazilərlə münasibətiniz necədir?
– Biz bütün tədbirlərdə görüşürük. Layihələr edir, qazilərimizi 10-nəfərlik dəstələrlə aparırıq istirahət güşələrinə. İnanın, əlimizdən gələni edirik. Əlini sıxaram və onu parçalayaram. Mən onunla barışsam, məni yanımda parçalanan dostlarımın ruhu bağışlamaz. Mən dostlarımın ruhu qarşısında baş əyirəm və bu gün də döyüşə hazıram baxmayaraq ki, mənim və könüllü döyüşən dostlarımın heç birinin haqqı hətta sənədləri belə verilmədi. Onları ortada qoydular. İndi gücüm çatana köməklik edirəm.
– Mehman bəy bəs aprel döyüşləri üçün nə deyə bilərsiz? Bu gün keçmiş döyüşçü kimi hansı marifləndirmə işlərini görürüsüz?
– Bu gün məktəblərdə qaçqın uşaqlara başqa gənclərə gedib danışırıq, ruhlandırırıq. Gücüm çatan qədər tədbirlərdə iştirak edib, çıxışlar edirəm. Vallah nə deyim uğurlu olub, amma dayanmamılıydıq, başlamışkən bu işi bitirməli idik. Çoxlu şəhid verdik.Bizim vaxtımızda avtomatla erməniyə qan uddururduq. Allah şəhidlərimizə rəhmət etsin. Gücüm çatan qədər dəfnlərində iştirak edirəm. Müharibə başlayan kimi gedib müraciət etsək də, deyildi ki, 45-yaşa qədər adamları götürmürük. Bizim isə hamımız 50-yaşı keçmişik. Tərxis olandan ordudan icazəsiz qaçırılan sılahları yığıb döyüş bölgəsinə təhvil verdim. Ən sonuncu dəfə rəhmətlik Allahverdi Bağırova xeyli silah vermişəm. Hal-hazırda ailəmi mühəndisliklə dolandırıram. Gəncliyə son sözüm budur : möhkəm olun. Vətəni qarşılıqsız sevin!
Nihat Cəbrayıl
www.yenicag.az