“Sərnişin avtobusu qəza törətdi, ölən və yaralananlar var…” Son vaxtlar bu cür xəbərlərin sayı durmadan artmaqdadır. İnsanlar həyatlarını itirir, ağır bədən xəsarətləri alır, yaxud da ömürlük əlilliyə məhkum olurlar.
Günü-gündən artan avtobus qəzalarının səbəbi nədir; sürücülərin məsuliyyətsizliyi, təcrübəsizliyi, yoxsa…?
Yenicag.az problemin aktuallığını nəzərə alaraq, məsələni araşdırıb.
Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov avtoqəzaların artmasında əsas səbəbi avtobus sürücülərinin məsuliyyətsizliyi, eləcə də təcrübəsizliyi və qeyri-peşəkarlığı ilə əlaqələndirir:
“Son vaxtlar avtobus qəzalarının sayının artması problemin aktuallığından xəbər verir. Qəzaların artması əsasən sürücülərin qeyri-peşəkar olmasından irəli gəlir. Bu işin təşkilində də problemlər var. Bakıda, yaxud da rayonlarda avtobus sürücüləri işin maddi tərəfini üstün tutur. Sürücünün normal fəaliyyəti üçün də şərait yaradılmalıdır. 30-40-50 qəpik uğrunda mübarizə aparıb, insanların taleyi ilə oynayırlar. Söhbət yalnız şəhərdaxili sərnişin daşıyan avtobuslardan getmir. Bu həm də şəhərlərarası marşrut xidmətlərinə də aiddir. Pula görə yolda ötüşürlər, sürəti artırırlar, bu da avtobus qəzalarını qaçılmaz edir. Bu kimi faciələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. İşə götürürkən, hazırlıqlı, peşəkar sürücülərə üstünlük verilməlidir”.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtoqəzaların yaranma səbəblərini əsasən üç amillə izah edib:
“Müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş verməsi bu gün bizi də ciddi şəkildə narahat edir. Bakı Nəqliyyat Agentliyi tərəfindən hər bir qəza hadisəsi diqqətdə saxlanılır və onunla bağlı tam ətraflı təhlillər aparılır. Əvvəla bir məqamı vurğulamaq istərdim ki, qəzaların heç də hamısı məhz avtobus sürücüsünün günahından baş vermir. Amma təəssüf ki, belə hallar azlıq təşkil edir. Avtobus qəzalarının baş vermə səbəblərindən danışarkən ilk növbədə bir neçə məsələni vurğulamaq lazımdır. Birincisi, sürücülərin peşəkarlıq səviyyəsinin qaneedici səviyyədə olmaması, ikincisi, avtobusların texniki baxımdan nasaz olması, üçüncüsü, isə bir çox marşrut xətləri üzrə gediş haqqının hələ də nağd şəkildə ödənilməsidir. Bu üç problemin həllinə nail olacağımız təqdirdə sərnişinlərimizin maksimum dərəcədə təhlükəsiz daşınmasını da təmin etmiş olacağıq”.
M.Ağayev işinə məsuliyyətsiz yanaşan daşıyıcıların marşrut şəbəkəsindən kənarlaşdırılacağını bildirib:
“Təcrübə onu göstərir ki, sərnişindaşıma sahəsində özəl sektor gözləntiləri doğrultmadı. Bu gün təəssüf ki, daşıyıcılar ancaq qazanc, daha doğrusu asan qazanc düşünürlər. Sərnişindaşıma sahəsinin inkişafına sərmayə yatırmaqda maraqlı deyirlər. Baxmayaraq ki, dövlət bunun üçün sahibkarlara tam münbit şərait yaradıb. Bu səbəbdən də artıq Bakı Nəqliyyat Agentliyi dövlət başçısının bir başa diqqəti sayəsində bu sahədə ciddi dəyişikliklər edilməsinə başlayıb. Artıq yeni avtobuslar alınıb. Onlar qarşıdakı aylarda paytaxta gətiriləcək. Sürücülərin peşəkarlığının artırılması üçün Sürücü Təlim Mərkəzi yaradılıb. Kart sisteminin əhatə dairəsi genişləndirilir. Bu işləri həyata keçirməklə biz sərnişindaşınmada həm təhlükəsizlik, həm də keyfiyyət baxımından göstərilən xidmətin səviyyəsinin artırılmasına nail olacağıq. Bir vacib məsələni də vurğulayım. Dövlətin həyata keçirdiyi bu tədbirlər sayəsində işinə məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq”.
Cəvahir
www.yenicag.az