İctimai nəqliyyatda XAOS: “Dərhal psixiatrın nəzarətinə götürülməlidir, yoxsa…” – HƏYƏCAN TƏBİLİ
Son günlər ictimai nəqliyyatda insanların bir-birinə hücum etməsi, hətta soyuq silahla sərnişinlərə xəsarət yetirməsi halları artmaqadır ki, bu da əhali arasında narahatlığa səbəb olur.
Mövzunu Yenicag.az-a a şərh edən psixoloq Ülviyyə Murtuzova səbəbləri sadalayıb.
O, belə halların qarşısının alınması üçün çıxış yollarını da göstərib:
“Günümüzün ən vacib məsələlərindən biri insanların niyə bu qədər aqressiv olması məsələsidir. Son vaxtlar biz cəmiyyətdə tez-tez belə hallarla, belə xəbərlərlə qarşılaşırıq: avtobusda dava düşdü, insanlar bir-birinə hücum etdi, soyuq silahla hədələdi və s. Son vaxtlar ictimai nəqliyyatda da belə halların artması cəmiyyətdə narahatlıq doğurur. Əslində aqressiya xüsusi bir duyğu deyil və biz aqressiya ilə doğulmuruq. Aqressiya sonradan sosial məsələlər fonunda, ailədə olan münasibətlər, qarşılaşdığı uğursuzluqlar, öz-özünə qapanmaq, fobiyaya çevrilmələr və səbəblər üzündən yaranır”.
Psixoloq əlavə edib ki, belə insanlar başqalarına zərər verməklə, özlərinin maraq dairəsini genişləndirir və bundan xüsusi zövq alırlar:
“Bu, əslində, ciddi şəxsiyyət pozuntusudur. Bunun adı antisosial şəxsiyyət pozuntusudur. Belə insanlar başqalarına sosial narahatlıq, onların şəxsi əşya və mülklərinə ziyan vurmaqla xüsusi zövq alan insan tipləridir. Bu da psixologiyada ciddi bir xəstəlik sayılır. Bu xəstəlik yeniyetməlik dönəmindən baş qaldırır və düşüncədə formalaşmağa başlayır. Onlar düşüncələrinin gerçəkləşməsi üçün planlar qurur və bu planları reallaşdırmaq üçün müəyyən məkan və zəmin seçir. Ciddi psixoloji xəstə olan həmin insanlar müalicə olunmalıdır”.
“Həmin anda onlara qarşı xüsusi amansız tədbir, eləcə də həddən artıq mülayim davranmaq da onlara təsir göstərmir. Qızıl ortamı tutmaq lazımdır. Çıxış yolu bundan ibarətdir ki, bu şəxslər doğma olan insanlar, valideynlər, çevrə tərəfindən müalicəyə cəlb edilsinlər. Onlar nəinki psixoloq, dərhal psixiatr tərəfindən nəzarətə götürülməlidir. Əks halda, insanlara ağır həyati təhlükə yarada bilərlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Cəvahir