Dekabrda sülh MÜMKÜNDÜR? – Əsas şərt İrəvanın iki maddəyə münasibətindən ASILIDIR
“Əbu-Dabi görüşü sülh müqaviləsinin yaxın zamanda imzalanmasına ümidləri kifayət qədər artırıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Analitik erməni mediasında yayımlanan dekabr ayında sülhün imzalanması iddialarını şərh edərək bunun mümkün olduğunu bildirib.
Həmsöhbətimiz düşünür ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini nəzərdən keçirdikdə iki dövlətin indiki qədər heç vaxt sülhə yaxın olmadığını aydın şəkildə ifadə edə bilərik:
“Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlar formatı çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr, əslində, bizi sülhə aparan ən önəmli məqamlardır. Bu prosesə üçüncü, dördüncü dövlətlərin müdaxilə etmədiyi halda iki dövlət arasında bütün məsələlərin danışıqlar yolu ilə həll etməyin mümkün olduğunu təsdiqləyir. Əbu-Dabi görüşü də belə görüşlərdən biri idi və kifayət qədər gələcəyə yönəlik ümidlər yaradır. Yəni sülh prosesinin uğurlu şəkildə davam etdirilməsi ilə bağlı gələcəyə yönəlik ümidlər yaradır və aydın təzahür formalaşdırır”.
Siyasi təhlilçi hesab edir ki, dekabr ayında sülh prosesinin imzalanması iddiaları həqiqətə uyğun olmasa belə, sülhün yaxın zamanda imzalanması qaçılmaz reallıqdır:
“Konkret olaraq dekabr ayında sülh müqaviləsinin hər hansısa bir zaman çərçivəsində imzalanması ilə bağlı fikir səsləndirilmək doğru olmasa da, düşünürəm ki, biz sülhə kifayət qədər yaxınıq. Ümumi sülh mətninin 17 bəndi üzrə razılıq əldə olunduqdan sonra sülh müqaviləsinin imzalanması ilə bağlı qarşımızda dayanan ən önəmli maneə Azərbaycan tərəfdən irəli sürülən iki şərtin Ermənistan tərəfindən yerinə yetirilməsidir. Digər məsələlər – kommunikasiya xətlərinin bərpa olunması, delimitasiya və demarkasiya məsələləri ilə danışıqlar prosesinin uğurla davam etdirildiyi məlumdur. Ona görə də düşünürəm ki, həqiqətən də çox yaxın bir dövrdə biz sülh müqaviləsinin imzalanacağı ilə bağlı bəyanatları da eşidə bilərik. Ən azından, Əbu-Dabi görüşü bununla bağlı ümidləri kifayət qədər artırıb”.
Nurlan Cəfəri