“Baydenin yaşının çoxluğu və ABŞ dövləti kimi supergücün idarə edilməsindəki boşluqlar, xüsusən də, mövcud geosiyasi durumda daha çox gərgin işin aparılmasının tələb edildiyi bir durumda yeni enerjili birinin prezident seçilməsi mütləq idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi ABŞ-də respublikaçıların 3 nüfuzlu qanadı olan (komandalar) Buşlar, Makkeynlər və Romnilərin demokratların vahid namizədi Kamala Harrisi dəstəkləməsi faktına münasibət bildirib.
Siyasi təhlilçiyə görə, Amerikanın dövlət maraqları partiyaların maraqlarından yüksəkdə dayandığı üçün demokratlar öz namizədlərini dəyişdirdilər:
“Amma bu tək demokratlara aid deyil. Respublikaçıların da bir hissəsinin eyni ilə demokratlar kimi hərəkət etməsi də eyni məntiqlədir.
Məsələ ondadır ki, Trampın Ukrayna müharibəsi ilə fikirləri, Putin ilə gizli əlaqələri, eyni zamanda, ilk hakimiyyəti dövründə yürütdüyü siyasət tək demokratlara yox, respublikaçılar arasında da etirazla qarşılanır. Trampın Ukrayna müharibəsinin həll olunması barəsində fikirləri tək ABŞ yox, bütün dünya düzənini sarsıdacaq fikirlərdir. Bu, demokratiyanın məğlubiyyəti, yeni müharibələrə başlamaq üçün Putinin əlini gücləndirməkdir”.
A. Qasımov hesab edir ki, ABŞ-də artıq daşlar yerinə oturur:
“Kamala Harisin prezident olması üçün dəstək artır və görünən də odur ki, bu, belə də olacaq. Trampa sui-qəsdən sonra şansları nisbətən artsa da, tədricən yerini Harissə verdi. Trampın israrla hakimiyyətə gəlməsini yenidən istəyən qüvvələr dünya nizamını pozmağa çalışan qüvvələrdir. Tramp özü ilə tək ABŞ-yə yox, dünyaya qarışıqlıq gətirə bilər. Odur ki Trampın hakimiyyətə gəlməsinə imkan verilməyəcək. Bu, nə yolla olursa-olsun belə olacaq. Artıq bir dəfə bunun mesajını verdilər. Lazım gəlsə yenə də təkrar edəcəklər”.
Rafi Müslümov
www.yenicag.az