İbn Haldun Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkil etmiş olduğu Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Türk Dövlətlər Təşkilatının keçmiş Baş katibi, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən iştirak və çıxış etmişdir.
Yenicag.az xəbər verir ki, çıxışında Ulu öndər Heydər Əliyevin Türk dövlətləri arasındakı münasibətlərin inkişafında oynamış olduğu xüsusi rolun bu gün böyük bir uğurla cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin təməl daşı olması ilə bağlı geniş məlumat vermişdir. Millət vəkili Ramil Həsən hazırda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin iki güclü lider cənab Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyəti Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın öndərliyində həyata keçirilməsinin bütün türk dövlətləri üçün mükəmməl bir güc qaynağı və lokomotiv olduğunuda xüsusi olaraq vurğulamışdır.
Heydər Əliyev kimi şəxsiyyətin bir millət, iki dövlət deyimi ilə başlatmış olduğu tarixi qardaşlıq münasibətləri bu gün bir çox qardaş dövlətləri özündə birləşdirən, əslində Türk Dövlətləri təşkilatınında təməlini və əsasını qoymuşdur. Deputat Ramil Həsən bu gün ki, siyasi-hərbi, iqtisadi təhlükəsizlik və bir çox məsələlərdə qardaş Türk dövlətləri arasında münasibətlərin güclənməsində, o cümlədən 2023-cü ildə yeni səviyyəyə daşınmasında 1993-cü ildən təməli qoyulmuş Heydər Əliyev siyasətinin böyük töhfəsinin olduğunu ayrıca qeyd etmişdir.
Əmin olduğunu vurğulamışdır ki, cənab Prezident İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın öndərliyində atılan bütün addımların Şuşa Bəyannaməsində qeyd edildiyi kimi, keçmişə, əcdadlarımıza sadiqlik və gələcəyimiz üçün yol xəritəsi olduğunu qeyd edən natiq gəncliyimizi Türk dövlətlərinin birlik və bərabərliyini daha da yüksəklərə qaldırmaq üçün bundan sonrada səylə hər iki liderin başçılığı altında başladılmış olan bu tarixi yola dəstək verilməsinin zəruri olduğunu, eyni zamanda bir nəfər kimi hər birimizin bu siyasətin arxasında olmağımızın vacibliyini vurğulamışdır.
Tədbirdə eyni zamanda İbn Haldun Universitetinin rektoru Professor Atilla Arkan, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və digər şəxslər çıxış etmişdir.
www.yenicag.az