“Fuad Abbasovun o şəkildə saxlanılması hüquqdan daha çox hansısa sifarişin icrasına bənzəyir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış jurnalist Fuad Abbasovun Rusiyada kobudluqla saxlanılaraq, fiziki təzyiqlərə məruz qalmasının mümkün səbəblərindən danışan Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Millət vəkilinin sözlərinə görə, bu hadisə konkret sifarişin icrasına bənzəyir:
“Bizim Rusiyadakı səfirliyimiz və Diaspora Komitəsi bununla bağlı artıq öz səsini qaldırmalıydı. Onlar hadisəyə reaksiya verməliydilər. Ancaq çox təəssüf ki, bizim Rusiyadakı diaspora təşkilatları arasında birlik, həmrəylik yoxdur. Fuad Abbasovun hansı əsaslarla saxlanmasına rəsmi qaydada şərh verilməyincə, biz məsələnin hüquqi tərəfi barəsində danışa bilmirik.
Lakin saxlanma anında ona qarşı tətbiq olunan fiziki təzyiqlər, qolunun qandallanması, kobud şəkildə maşına mindirilməsi və polislərin o səhnəni videoya çəkərək yaymaları deməyə əsas verir ki, Fuada qarşı bir tapşırıq icra olunur. Deportla bağlı adamın qolunu qandallamırlar.
Bilirsiz ki, Fuad Rusiyada Azərbaycanı sevməyən dairələri ifşa edirdi, ermənilərlə yaxınlığı olan diaspora rəhbərlərinin adlarını çəkirdi, ailəsində erməni olan diaspora təşkilatlarımızın rəhbərləri var… Yəni bu, onların da sifarişi ola bilər.
Yenə deyirəm, bu hadisə bütün hallarda hüquqdan daha çox hansısa sifarişin icrasına bənzəyir”.
A.Zeynalov
www.yenicag.az