Deputatdan ŞKTR ilə bağlı qərara REAKSİYA: “Türk dünyası sevdalılarını məyus edən addımlar atılıb”

media-hightechnic-468x90

Son günlərdə Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Kiprin müstəqilliyini tanıması və bu ölkədə səfirlik açmaq niyyətləri türk dünyasında ciddi narahatlıq yaradıb. Bu qərar, faktiki olaraq Türkiyənin 1974-cü ildə Kiprə müdaxiləsinə dair BMT qətnamələrinin dəstəklənməsi anlamına gəlir və Türk Dövlətləri Təşkilatında fikir ayrılıqlarının yarandığını ortaya qoyur.

Mövzu ilə bağlı deputat, əməkdar jurnalist və diaspor üzrə araşdırmaçının fikirlərini öyrəndik. Onlar bu addımların Türk Birliyi ideyasına təsirlərini şərh etdilər.

Deputat Tənzilə Rüstəmxanlı: “Türk dünyası sevdalılarını məyus edən addımlar atılıb”

“Son zamanlar Qazaxıstan, Özbəkistan və Türkmənistanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində Cənubi Kiprin müstəqilliyini tanıması və bu istiqamətdə addımlar atması türk dünyasında geniş müzakirələrə səbəb olub. Bu ölkələr Cənubi Kipri dövlət olaraq tanımaqla yanaşı, Yunan Kiprində səfirlik açmağa da qərar veriblər. Bu cür addımlar türk dünyası sevdalılarını məyus etməklə yanaşı, bu ideyaya qarşı olanları sevindirmişdir. Bu məsələnin necə qiymətləndirildiyini və bu addımların Türk dövlətlərinin birliyinə təsirini başa düşmək üçün, Mərkəzi Asiya və Türküstan coğrafiyasındakı Türk dövlətlərinin bu yeni siyasətə necə yanaşdığı barədə fikir bildirilməsi əhəmiyyətlidir”.

Əməkdar jurnalist Mətanət Ağamirli: “Yolumuz Turandır – heç bir çətinlik bizi bu yoldan döndərə bilməz”

“Türkiyənin, Azərbaycanın liderliyi ilə dünya türklərinin öz birliklərini qurması prosesini izləmək, bu Birliyin şahidi olmaq qürurvericidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının yaradılması, dünya türklərinin birləşməsi, Birlik, təbii ki, sevinclə qarşılanmayacaqdı. Sabotajlar, müdaxilələr, kadrarxası oyunlar, ikili standartlar hər zaman olub və olacaqdır. Böyük Turançılıq məfkurəsinə, düşüncəsinə kölgə salmaq, belə böyük bir təbliğata əlbəttə ki, hər fürsətdə mane olmağa çalışanlar olacaq. Göründüyü kimi, bu gün də var. Təəssüf ki, böyük geosiyasi maraqların, qütblərarası savaşların şahidiyik. Yəni yaradılan maneələr gözləniləndir. Ancaq hesab edirəm ki, türk xalqları və liderlərinin yeni düzənin, yeni əsrin tələbinə, çağırışına uyğun olan Birlikdən vaz keçməsi müzakirə mövzusu deyil. Bəli, Türk Dövlətləri Birliyi, Turan böyük məsuliyyətdir, amma bu məsuliyyət dünya türk toplumlarını qorxuda bilməz. Gec də olsa, çətin də olsa, gerçəkləşəcək! Əminəm ki, baş verən arzuolunmaz hal hər dövlətin içində çözüləcək, türkdilli xalqların özləri öz gələcək yollarını özləri seçəcəklər. Deyildiyi kimi: Yolumuz Turandır!

Elnur Eltürk, diaspor üzrə araşdırmaçı-ekspert, TAİB sədr müavini: “Bu qərar Türk Birliyinə zərbədir – amma Azərbaycanın mövqeyi prinsipialdır”

“Avropa Birliyinin 12 milyard avro qarşılığında üç türk dövlətinin Cənubi Kiprdə konsulluqlarının açılması ilə bağlı qərar vermələri Türk dünyasında birmənalı qarşılanmayıb və milyonlarla insanı məyus edib. Düzdür, beynəlxalq hüquq baxımından dünya Cənubi Kipr Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycan da Cənubi Kiprin müstəqilliyini tanıyanlar sırasındadır. Ancaq münasibətlər o səviyyədə deyil. Burada əsas yanaşma mənəvi-psixoloji faktordur. Çünki Azərbaycan qardaş Türkiyənin yanındadır. Prezident İlham Əliyev birmənalı şəkildə “Yalnız qardaşlarımızın yanındayıq” deyərək bu birliyə qoşulmayacaqlarını bəyan etməsi, Türk Birliyinə nə qədər sadiq olduğunu göstərdi. Bu, həm də Türk Birliyinin dominantlığının qorunub saxlanılmasına xidmət edir. Azərbaycanın mövqeyi başqa cür ola bilməzdi. Eyni mövqeyi digər qardaş türk dövlətlərindən də gözləyirik. Baş verənlər Türk Birliyinə zərər verir. Müasir dövrdə əlaqələr olmadan addım atmaq çətindir. Yenə də ümummilli məsələlərdə birliyin göstərilməsi vacibdir. Bu məsələdə həmin türk dövlətləri qardaş Türkiyənin və Şimali Kipr Türk Respublikasının yanında olmalıdırlar.”

Azərbaycan ekspertləri Türk Birliyinin pozulmasına imkan verilməyəcəyinə inanır və ortaq ideallar uğrunda mübarizənin davam etdiriləcəyini vurğulayırlar./Qht.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600