Deputatlar Vyanaya səfər etdilər
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Narkotiklər üzrə Beynəlxalq Qanunvericilik Şəbəkəsinin 1-ci Qlobal Görüşündə iştirak etmək üçün iyunun 23-də Avstriyanın Vyana şəhərinə səfər ediblər.
Yenicag.az xəbər verir ki, səfər çərçivəsində Narkotiklər üzrə qanunvericiliyə dair Beynəlxalq Şəbəkənin ilk Qlobal Forumunun iyunun 24-də keçirilmiş iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Narkotiklərə qarşı effektiv mübarizədə parlamentlərarası əməkdaşlığın rolu” mövzusunda çıxış edərək, son illərdə Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası, Türk Dövlətləri Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi vasitəsilə qlobal narkotik problemlərinin həllinə yönəlmiş çoxtərəfli təşəbbüslərə dair Milli Məclisin fəaliyyəti barədə geniş məlumat vermişdir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev tədbirin iyunun 25-də keçirilmiş iclasında narkotiklərə qarşı mübarizə sahəsində “İctimai sağlamlığın qorunması və effektiv səhiyyə tədbirlərinin təmin edilməsi” mövzusunda çıxış edərək, uşaqlar və gənclər arasında narkotik istifadəsinin qarşısının alınması sahəsində görülən tədbirlərdə Milli Məclisin rolu, milli qanunvericilikdə cinayət törətmiş və narkotik asılılığı olan şəxslər üçün cəzaya alternativ tədbirləri nəzərdə tutan hüquqi əsaslar barədə geniş məlumat vermişdir.
İyunun 26-da səfər başa çatıb.