Dərsə gedən bir uşaq… – 8 yaşlı məktəblinin hekayəsi

Çində 8 yaşlı oğlan şaxtalı havada 5 km uzaqlıqda yerləşən məktəbə getməklə görənləri təəccübləndirib.

Yenicag.az xəbər verir ki, məktəbə gəlib çatanda onun görüntüsü ilk növbədə məktəb direktorunu şoka salıb. -9 dərəcə temperaturda tək başına məktəbə gəlib imtahan verməyə çalışan Yunyan vilayətinin sakininin geyimi də yaxşı olmayıb. Belə ki, o, belə şaxtalı havada başıaçıq getdiyi üçün saçları, qaş və kiprikləri tamamilə buz bağlayıb. Onun bu halda sosial şəbəkələrdə yayılan şəkilləri bütün dünyadan minlərlə insan tərəfindən maraqla qarşılanıb və gündəmə çevrilib. Əlləri çatlamış, don vurmuş oğlan əsl qəhrəman kimi qarşılanıb və ona təcili yardım göstərilib.

Kasıb ailədə böyüyən uşaq yeganə çıxış yolunun oxumaqdan keçdiyini yaxşı anladığını bildirib. Bu hadisə məktəb direktoruna da təsir edib və o, hər kəsi bu azyaşlıya yardım göstərməyə çağırıb. Onun bu çağırışından sonra məktəbə 450 min dollar maddi yardım, eləcə də çoxlu qızdırıcı və isti geyim göndərilib.

Həmin pulla oğlanın yaşadığı evin, eləcə də məktəbin təmir etdiriləcəyi, digər kasıblara yardım göstəriləcəyi bildirilir.