Təhsil eksperti: "İnternet məhdudiyyəti şagirdlərin fokuslanma problemini həll edəcək"
“Məktəblərdə internetə çıxışın məhdudlaşdırılması, “TikTok” kimi sosial şəbəkələrə qadağaların qoyulması şagirdləri təkcə etik prinsiplər əsasında deyil, həm də zehni düyünlənmələrdən qoruyur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.
Ekspert Elm və Təhsil Nazirliyinin məktəblərdə internetə çıxışın dayandırılması və təhsil ocaqlarında “TikTok” platformasına girişin məhdudlaşdırılması qərarını alqışlayıb:
“Doğrusu, “TikTok”-a çıxışın bloklandığını və ümumiyyətlə, məktəblərdə internetə çıxışın məhdudlaşdırıldığını eşitmək olduqca sevindiricidir. Burada yeni addım sayılacaq heç nə yoxdur, çünki dünyanın bir çox ölkələrində – o cümlədən ən demokratik meyilli Avropa dövlətlərində – bu qadağalar artıq çoxdan tətbiq olunub. İstər internet imkanları, istər ağıllı cihazlar, istərsə də mobil telefonlardan şagirdlərin istifadəsinə xüsusi qadağalar qoyulub. Maraqlısı budur ki, bu qadağalardan sonra həmin ölkələrin məktəblərində tədris keyfiyyəti xeyli yüksəlib. Çünki sürət əsrinin şagirdlərinin ən ciddi problemi texnoloji qurğuların əsirinə çevrilmələri, eyni anda saysız informasiya ilə yüklənmələri və fokuslanma çətinliyidir. Fokuslanma problemi şagirdlərdə yaddaşsızlığa və analitik qabiliyyətlərin zəifləməsinə gətirib çıxarır. Beləliklə, məktəblərdə internetə çıxışın məhdudlaşdırılması və “TikTok” kimi sosial şəbəkələrə qadağaların qoyulması onları təkcə etik prinsiplər əsasında deyil, həm də zehni düyünlənmələrdən qoruyur. Odur ki, məsələnin təkcə təlim-tərbiyə yox, həm də zehni-intellektual tərəflərinə görə bu qadağalar daha miqyaslı olmalı və davamlılığı təmin edilməlidir”.
Nurlan Cəfəri













