Dişlərdəki şırımlarla bağlı YENİ ARAŞDIRMA: Qədim insanlardan bizə necə miras qalıb?
Qədim insan dişləri üzərindəki kiçik şırımların uzun illər boyu qəsdən alət istifadəsinin – dişlərin çubuqla təmizlənməsinin sübutu olduğu düşünülürdü, lakin aparılan yeni araşdırma insan təkamülü ilə bağlı bu köklü fərziyyəni alt-üst edib.
Yenicag.az xəbər verir ki, tədqiqatın nəticəsi “American Journal of Biological Anthropology” jurnalında dərc olunub.
Alimlər apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, sözügedən şırımlar vəhşi primatların dişlərində də təbii şəkildə formalaşır və bunun diş qurdalama vərdişi ilə heç bir əlaqəsi yoxdur.
Ekspertlər həm nəsli kəsilmiş, həm də yaşayan 27 primat növünə aid 500-dən çox vəhşi fərdin dişlərini mikroskoplar və 3D skan vasitəsilə analiz ediblər.
Müayinə edilən primatların təxminən 4 %-nin dişlərində qədim insanlardakı şırımlar ilə, demək olar, eyni olan izlər aşkar edilib. Bu cür formasiyalara təbii çeynəmə prosesi, bərk qidalar, udulan qum dənəcikləri və ya turşulu meyvələrin istehlakı səbəb olur. Ona görə də fosillərdəki hər şırımı mütləq şəkildə alətdən istifadə vərdişi kimi qiymətləndirmək doğru deyil.
Digər tərəfindən, araşdırma müasir dövrdə geniş yayılan bəzi stomatoloji problemlərin tamamilə müasir insan vərdişləri ilə bağlı olduğunu üzə çıxarıb.
Çox güclü çeynəmə qabiliyyətinə və sərt pəhrizə malik vəhşi primatların heç birində müasir insanlarda sıx rast gəlinən pazvari diş qüsurlarına (abfraksiya) rast gəlinməyib. Bu isə subut edir ki, sözügedən patologiyalar təbii çeynəmə gücündən deyil, müasir insanın dişlərini həddindən artıq sərt fırçalamasından, qəbul etdiyi qazlı, turşulu içkilərdən və emal olunmuş qidalardan qaynaqlanır.
Tədqiqatçılar qeyd ediblər ki, bu kəşf həm antropologiya, həm də “təkamül stomatologiyası” adlanan yeni sahə üçün böyük əhəmiyyət kəsb edir. Alimlər gələcəkdə daha böyük primat qruplarını araşdıraraq keçmişi daha dəqiq şərh etməyi və müasir diş xəstəliklərinin qarşısını almaq üçün yeni yollar tapmağı hədəfləyirlər.













