Rusiya Türküstan coğrafiyasını da itirir: “Tokayevin Paşinyanı təbrik etməsi həm də Kremlə mesajdır”
“Tokayevin Paşinyanı təbrik etməsi həm də Kremlə mesajdır”.
Yenicag.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım Comərd Tokayevin Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasını parlament seçkilərində qələbəsi münasibətilə təbrik etməsi barədə fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib.
E. Şahinoğlu Tokayevin bu addımının Moskva ilə münasibətlər fonunda strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Qazaxıstan Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə ilk təbrik edən liderlərdən olub. Bu təbrik Tokayevin həm də Kremlə mesajıdır.
Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı bir müddətdir Nikol Paşinyanı “Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxararıq” açıqlaması ilə hədələyirlər. Rusiya rəsmiləri bu hədəni səsləndirərkən, İttifaqın digər üzvlərinin, o cümlədən Qazaxıstanın rəyini nəzərə almırlar. Halbuki Qazaxıstanın heç bir rəsmisi Paşinyanın ünvanına “Ermənistan Avropa İttifaqı ilə inteqrasiya siyasətindən imtina etməsə, Avrasiya İqtisadi İttifaqından çıxarılacaq” açıqlamasını səsləndirməyib”.
Politoloq Moskvanın məsələyə reaksiyası ilə Astana administrasiyasının yanaşması arasındakı ziddiyyətə diqqət çəkib:
“Putin Paşinyanı hələ təbrik etməyib, əksinə, Rusiya rəsmiləri seçkidə pozuntular barədə müxtəlif iddialar irəli sürüblər. Tokayev isə bunların fonunda Paşinyanı təbrik etməklə yanaşı, ona Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb”.













