DGK SƏDRİ: “Gömrük ödənişləri dövlət və xalq qarşısında xidmətdir”
“Gömrük ödənişləri dövlət və xalq qarşısında xidmətdir”.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda DGK sədri Şahin Bağırov deyib.
Seminarda çıxış edən qurum sədri vurğulayıb ki, gömrük ödənişləri sadəcə maliyyə vəsaiti kimi deyil, həm də vətəndaşların dövlət və xalq qarşısında gördüyü bir xidmət kimi qəbul edilməlidir.
“Hər kəs bununla fəxarət hissi keçirməlidir. Yəni vətəndaşlar idxal və ya ixrac etdikləri mallara görə ödədikləri vəsaiti əslində özlərinə qayıdan bir töhfə kimi görməlidirlər. Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri gücləndirilməlidir ki, insanlar ödənişlərdən yayınmasınlar”, – deyə o bildirib.
Komitə sədri əlavə edib ki, bəzən insanlar digər sahələrdəki xərcləri ilə gömrük ödənişlərini müqayisə etmirlər və bu da yanlış yanaşmalara səbəb olur. Onun sözlərinə görə, bu məsələdə medianın rolu böyükdür və cəmiyyətin gömrük ödənişlərinə müsbət münasibətinin formalaşdırılması üçün geniş kampaniyalara ehtiyac var.
Qeyd edək ki, seminarın sonunda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov iştirak edən jurnalistləri sertifikatlarla təltif ediblər.
Məsimə Məmmədova