Diaspor quruculuğu və milli mədəniyyətin TƏBLİĞİ: “Heydər Əliyev Fondu bunun üçün mühüm layihələr həyata keçirir”
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi milli varlığımızın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli kimliyini qorumaqla yanaşı, Azərbaycanın siyasi, iqtisadi və mədəni maraqlarının müdafiəsində mühüm rol oynayır. Bu istiqamətdə milli mədəniyyətimizin, xüsusilə də musiqimizin şah əsəri olan muğamın təbliği xüsusi yer tutur.
Muğam yalnız musiqi janrı deyil, xalqımızın mənəvi yaddaşının, tarixi düşüncəsinin, fəlsəfi baxışının canlı ifadəsidir. Onun beynəlxalq səviyyədə tanıdılması, Azərbaycanı mədəniyyətlərarası dialoqda fərqləndirən ən güclü amillərdən biridir.
Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Fond, Azərbaycanın mədəni irsinin dünyada təbliği, beynəlxalq layihələrin həyata keçirilməsi, muğam festivallarının və tədbirlərinin təşkili ilə həm diaspor quruculuğuna, həm də milli-mədəni lobbiçiliyin güclənməsinə xidmət edir. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları Azərbaycanın zəngin musiqi irsini dünya auditoriyasına çatdırmaqla yanaşı, milli kimliyimizin dərin köklərini nümayiş etdirir.
Beləliklə, diaspor quruculuğu və lobbiçilik fəaliyyətində milli mədəniyyətimizin təbliği, xüsusilə muğamın dünyada tanıdılması, həm milli həmrəyliyimizin möhkəmlənməsinə, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.
Yenicag.az-la söhbətində Xalq artisti Nəzakət Teymurova söyləyib ki, muğamımızın zənginliyi bütün dünyada alqışlarla qarşılanır:
“Təbii ki, xalqımız muğamımızı həmişə qoruyub saxlayıb və bu günə qədər gətirib. Amma dövlətimizin də qayğısını danmaq olmaz”.
Sənətkar vurğulayıb ki, artıq 20 ilə yaxındır Heydər Əliyev Fondu və birinci xanım muğamın inkişafı və qorunması üçün mühüm layihələr həyata keçirirlər:
“Bu gün hər bir ölkədə muğamlarımızın səslənməsi, qorunması və təbliğ olunması bunun bariz nümunəsidir. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Muğam Ensiklopediyası”, “Azərbaycan Muğamları”, “Qarabağ Xanəndələri” layihələri gerçəkləşib. Eyni zamanda muğam bölgələrində Muğam evlərinin açılması da Fondun dəstəyi ilə mümkün olub”.
Xalq artisti qeyd edib ki, muğamın xaricdə təbliği istiqamətində dövlət və Mədəniyyət Nazirliyi mühüm işlər görsə də, beynəlxalq festivallarda iştirak üçün əlavə maliyyə dəstəyi tələb olunur:
“Böyük festivallarda çıxış etmək üçün şəxsi dəvətlər, sponsorluq və maddi imkanlar vacibdir. Muğamın möcüzəsinə inanan xüsusi festivallar var ki, ora qatılmaq üçün ciddi maliyyə dəstəyi lazımdır. Biz bir neçə dəfə İngiltərədə, Fransada, İtaliyada çıxış etmişik. Lakin bu festivallar çoxsaylı musiqiçiləri bir araya gətirir və şəxsi imkanlarla belə böyük səviyyədə iştirak etmək çətindir. Təəssüf ki, büdcəmizə görə hər zaman muğamımızı böyük arenalarda təqdim edə bilmirik. Halbuki, dəstək olsa, muğamımız dünyanın ən möhtəşəm səhnələrində daha geniş tanıdılar”.
Sənətkar əlavə edib ki, Azərbaycan muğamı hər yerdə böyük rəğbətlə qarşılanır:
“Hansı ölkəyə gedirsənsə, muğamımızın zənginliyini, ecazkarlığını insanlar alqışlarla qarşılayır, sevdiklərini göstərirlər. Bu bizi çox sevindirir. Amma digər tərəfdən maddi dəstəyin çatışmazlığı təəssüf doğurur”.
Politoloq Elxan Şahinoğlu isə söyləyib ki, bəzi Avropa ölkələrində bizə qarşı yenidən təxribatçı açıqlamaların və fəaliyyətlərin şahidi oluruq:
“Buna misal olaraq Fransa, Belçika və Hollandiyanı göstərmək olar. həmin ölkələrdə həm səfirliklərin, həm də azərbaycanlıların təşkilatlanaraq sistemli fəaliyyətini gücləndirməsi vacibdir. Dağınıq fəaliyyət nəticə vermir. Biz artıq ərazi bütövlüyümüzü təmin etmişik və Qərb ölkələrinin bizə qarşı ciddi iradları yoxdur. Lakin zaman-zaman Fransada, Belçikada və Hollandiyada Azərbaycan əleyhinə fəaliyyətlər müşahidə olunur. Deməli, məhz bu ölkələrdə izahat və təbliğat işini daha da gücləndirməliyik”.
E.Şahinoğlu qeyd edib ki, xüsusən bizə qarşı təxribatçı açıqlamaların səsləndiyi və ya parlamentlərdə əleyhimizə sənədlərin qəbuluna cəhd edildiyi ölkələrdə diaspor fəaliyyətinə daha çox önəm verilməlidir:
“Belə halların qarşısını almaq üçün azərbaycanlıların birgə fəaliyyəti və diasporun gücləndirilməsi əsas şərtdir”.
Məsimə Məmmədova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.