!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“DİM sualları ona görə çətin tərtib edir ki…” – Ekspert

!Reklam – Yazi
Son illər olduğu kimi, bu il də abituriyentlər ali məktəblərə qəbul imtahanına salınan sualların çətin olduğundan şikayətlənirlər.
Xüsusilə də riyaziyyat, kimya və fizika fənlərindən sualların orta məktəb proqramı səviyyəsinə uyğun olmadığı bildirilir.
Təhsil eksperti Elşən Qafarov da bu fikirdədir.
O, Bakupost.az -a açıqlamasında bildirib ki, sualların abituriyentlərin bilik səviyyəsinə uyğun olmadığı göz qabağındadır.
Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar nəticə etibari ilə repetitorluğun daha da kütləviləşməsinə gətirib çıxarır:
“İllərdir biz bu tip şikayətlərin şahidi oluruq. Məsələ odur ki, bizim ümümtəhsil məktəblərində dərsliklər, bütün metodiki iş dövlət standartlarına uyğun olaraq qurulur. Amma Dövlət İmtahan Mərkəzinin özünün fərqli proqramları var. İmtahanları da öz proqramlarına və öz vəsaitlərinə uyğun keçirdiyi üçün çox ciddi bir anlaşılmazlıq meydana gəlir. Dövlət məktəbinə gedən şagirdlər əlavə repetitor yanına və ya kursa getməyə məcbur olurlar ki, DİM-in proqramına uyğun olaraq hazırlaşsınlar. Sualları ona görə belə çətin tərtib edirlər ki, hamı əlavə hazırlaşsın. DİM-in özünün də kursları var. Kurslarda dərslərin böyük əksəriyyəti DİM-in vəsaitləri əsasında keçirilir. Bu, böyük maliyyə dövriyyəsi deməkdir. Əslində şagirdlərin əlavə müəllim yanına getməyə heç bir səbəbləri olmamalıdır”.
Ekspert bildirib ki, bu gün abituriyentlər DİM-in biznes maraqları üzərində qurulan fəaliyyətindən əziyyət çəkir:
“Reallıq ondan ibarətdir ki, bunlar məqsədli şəkildə həyata keçirilir. Halbuki müəyyən monitorinqlər və ödənişsiz sınaqlar təşkil etməklə DİM məzunların bilik səviyyəsinin nə yerdə olduğunu öyrənməlidir. Suallar ona uyğun olaraq salınmalıdır. DİM illərdir bu məsələyə fərqli baxış sərgiləyir. Biz təklif edirik ki, test hazırlama səlahiyyəti Dövlət İmtahan Mərkəsizdən alınsın. Prezident və ya Nazirlər Kabineti yanında Testologiya İnstitutu, yaxud Testologiya Mərkəzi yaradılsın. Bu qurum qəbul imtahanı testlərinin hazırlanması ilə məşğul olsun. DİM isə sadəcə olaraq, imtahanları keçirən texniki quruma çevrilsin. Vəsait, proqram və dərslik çap etmək səlahiyyəti DİM-dən alınsın. Testologiya İnstitutu Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq əsasında məzunların bilik və bacarıqlarına uyğun testlər hazırlasın. Bundan başqa DİM-in qruplar üzrə mexanizmi dəyişdirilməlidir. İxtisaslar üzrə mexanizm ilə əvəz olunmalıdır. Yəni hər bir şəxs ixtisas üzrə imtahan verməlidir”.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Bakupost.az -a açıqlamasında bildirib ki, ümumi qaydaya əsasən, hər imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik abituriyentləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə asan, orta və çətin test tapşırıqlarından istifadə edilir.
Onun sözlərinə görə, müsabiqə iştirakçıları dərslikdə olmayan bir test tapşırığı belə göstərə bilməz:
“Ali təhsil müəssisələrinə qəbul imtahanları seçmə və yerləşdirmə məqsədi ilə keçirilir. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik on minlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün qəbul imtahanında hər 3 mürəkkəblik dərəcəsinə malik test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyentləri deyil, yaxşı hazırlıqlı abituriyentləri də bir-birindən fərqləndirmək tələb olunur. İmtahanlar başa çatdıqdan sonra test tapşırıqlarının cavablarının elmi-statistik təhlili də göstərir ki, bu imtahanlarda istifadə edilən asan, orta və çətin test tapşırıqlarının sayı imtahanın nəzərdə tutulan spesifikasına uyğundur”.

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv