“Peyğəmbərimiz bu cür hərəkətləri nə özü həyata keçirib, nə də insanlara tövsiyə edib”.
Bu fikirləri Pakistanda qısa müddətdə məşhurlaşaraq “Cuf-cuf hoca” adı ilə tanınan təriqət lideri haqda danışan ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, “Cuf-cuf hoca” kimi insanlar din adı altında biznes quraraq, sosial şəbəkələrdən istifadə etməklə, “qabiliyyətlərini” daha da inkişaf etdirməyi yaxşı bacarır:
“Dünyada qısa zamanda məşhurlaşaraq bu yolla qazanc əldə edirlər. Belə hərəkətlərin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Peyğəmbərimiz bu cür hərəkətləri nə özü həyata keçirib, nə də insanlara tövsiyə edib.
“Cuf-cuf hoca” və onun kimi insanlar gələcəkdə türkəçarə və digər məsələlərdən məharətlə istifadə edə bilən şarlatanlardır. Bu cür hərəkətləri dinlə əlaqələndirərək etdikləri zaman insanlar onlara inanmağa başlayır. Din insanın yaradılışında mövcud olan inam olduğuna görə doğru olmayan yollarla çatdırılanda, fərdlərin inamı daha çox olur.
Məsələn, vəfat etmiş bir şəxsin qəbri üstünə göyərçin düzüləndə həqiqi göyərçinlərin də oraya toplaşması kimi inam var. Yeni nəsillərə yanlış inanc ötürülməsi nəticəsində ilahiyyatçılar belə bir şeyin dində olmadığını söyləyəndə, insanlar inanmaq istəmir. Təbii ki bunlar nağıllardır”.
İsmayıl Bakuvi
www.yenicag.az