İqtisadiyyat və yaxud Maliyyə Nazirliklərinin qərar verməsi yanlış olduğu kimi, məzənnəyə müdaxilə hər zaman iqtisadiyyatı kiçildir”.
Bu sözləri İqtisadiyyat Nazirliyinin proqnozlarında 2024-2027-ci illər üzrə dolların məzənnəsinin 1.70 AZN kimi götürqlməsinə münasibət bildirən iqtisadçı- ekspert Elçin Rəşidov Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, fiskal və monetar siyasətlərin əlaqələndirilməsi dedikdə hər il neft fondundan köçürmələrin həcmi elə idarə ediləcək ki, dolların məzənnəsi yerində qalsın.
“Maliyyə Nazirliyinin “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləriylə bağlı açıqlamasına görə fiskal və monetar siyasətlərdə əlaqələndirilmənin gücləndirilməsi milli valyutanın cari ildəki məzənnəsinin sabit qalmasını dəstəkləyəcək. Başqa sözlə, manatın məzənnəsini sabit saxlamağa çalışılacaq. İlk növbədə qeyd edək ki, Maliyyə Nazirliyi bu mövzuda semantik xəta işlədib. Neçə illərdir ölkədə monetar siyasətinin xətti olan manatın sabit saxlanılması yox, dolların məzənnəsinin sabit saxlanılmasıdır. Artıq devalvasiyadan sonra 7 ildir ki, ölkədə dolların məzənnəsi sabit saxlanılıb.
Qeyd edilən bu proqnozda dolların məzənnəsi 1,70 AZN kimi götürülmüşdür. Bunu da deyək ki, bəhs etdiyimiz proqnoza hökümətin gözləntiləri kimi baxmaq düzgün deyil. Sadəcə olaraq proqnozlara daxil edilmiş məlumatdır. Buna görə də bu haqda gələn illə bağlı hökümətin hər hansısa proqnozu yoxdur.
Həmçinin haqqında bəhs etdiyimiz nazirliyin proqnozunda fiskal və monetar siyasətdə əlaqələndirilmənin gücləndirilməsiylə buna məzənnənin sabit qalmasına nail olmağa çalışacaqlar.
Fiskal və monetar siyasətlərin əlaqələndirilməsi dedikdə, hər il neft fondundan köçürmələrin həcmi elə idarə ediləcək ki, dolların məzənnəsi yerində qalsın. Buna da İqtisadiyyat və yaxud Maliyyə Nazirliklərinin qərar verməsi yanlış olduğu kimi məzənnəyə müdaxilə hər zaman iqtisadiyyatı kiçildir. Bundan əlavə, sözügedən addım ayrıca olaraq ölkənin ixrac potensialını zəiflədir. Son 7 ildə dolların qiyməti sabit qalsa da, bu, qiymətdə belədir. Zamanla manatın qiyməti hər il 5-6 faiz aşağı düşmüşdür. Bu da son 7 ildə 40 faizə yaxın göstərici deməkdir. Yəni manatın qiyməti sabit qalsa da, dəyəri itib.
Nəticə olaraq ölkənin ixrac qabiliyyəti zədələnir, məhsulların rəqabət qabliyyəti aşağı enir. Məşğuliyyət imkanları da bunun fonunda ziyan görmüş olur.
Ümumilikdə həm iqtisadi böyümənin, həm innovativ iqtisadiyyatın yaranması işi çətinləşir”.
Yusif Səmədzadə