Donbasın taleyi həll olunur: Rusiya-Ukrayna qarşıdurmasında "sürünən müharibə"nin SONU

media-hightechnic-468x90

 

media-banner_tkm

“Rusiya-Ukrayna müharibəsi iki cəbhəyə ayrılıb.”

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi jurnalist Səxavət Məmməd bildirib.

media-img_7643

S.Məmməd Rusiya-Ukrayna müharibəsinin gedişatında Moskvada alovların yüksəlməsi və müharibənin Rusiyanın dərinliklərinə qədər irəliləməsini analiz edib:

“Rusiya-Ukrayna müharibəsi şiddətli mərhələyə qədəm qoyub. Ukrayna tərəfi cəbhəni genişləndirərək, xüsusilə Rusiyanın logistika yollarını və neft emalı zavodlarını vurmaqla, Rusiyanın cəbhədəki irəliləyişini dayandırmaq istəyir. Dünən gecə Moskva üzərində Ukrayna PUA-larının hücum cəhdləri son iki ilin ən böyük hücumu idi. Ukrayna dron zərbələri ilə neft emalı zavodlarını sıradan çıxarmağa cəhd edib və uğurlu nəticələr də əldə edib. Bundan əlavə, Rusiya tərəfi də Kiyevə dron və raket zərbələri, Çerniqov vilayətinə kütləvi dron zərbələri endirib. Rusiya pilotsuz katerlərlə isə Odessa limanında əməliyyat keçirib”.

Jurnalist Ukrayna prezidentinin güc balansının onların tərəfində olması ilə bağlı verdiyi açıqlamanı belə şərh edib:

“Ukrayna prezidenti qeyd edir ki, güc balansı Ukraynanın tərəfinə keçib. Təbii ki, o, bunu dron zərbələri ilə əlaqələndirir və Rusiyanın dərinliklərinə edilən hücumlara görə deyir. Ukraynanın Rusiyanın dərinliklərinə hücumu strateji baxımdan çox doğru yanaşmadır. Rusiya-Ukrayna müharibəsini iki yerə, iki cəbhəyə də ayırmaq olar: biri tərəflərin bir-birinə dronlar və raketlərlə zərbələri, digəri isə cəbhədəki döyüşlər.

Dron zərbələri nə qədər effektlidirsə, cəbhədəki vəziyyət də bir o qədər kritikdir. Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo rayonunda 23 yaşayış məntəqəsindən əhalinin məcburi təxliyə edilməsi və Konstantinovka (Kostiantynivka) cəbhəsində Ukrayna ordusunun mövqelərini itirməsi/geri çəkilməsi müharibənin gedişatında hərbi-strateji və humanitar baxımdan çox ciddi nəticələrə yol aça bilər. Bu iki hadisə bir-biri ilə birbaşa əlaqəlidir, çünki Konstantinovka cəbhəsindəki rusların irəliləyişi təhlükəni birbaşa qonşu Dnepropetrovsk vilayətinin sərhədlərinə daşıyır”.

“Hazırda cəbhədə real vəziyyət nə yerdədir?” sualına isə tanınmış hərbi jurnalist belə cavab verib:

“Konstantinovka Ukraynanın Donetsk vilayətindəki ən mühüm dörd “qala şəhərdən” (Sloviansk, Kramatorsk, Drujkivka, Konstantinovka) biridir. Bu şəhərin tam itirilməsi və ya ordunun oradan çəkilməsi Ukraynanın Donbasdakı əsas müdafiə xəttini yaracaq və Rusiyaya Kramatorsk-Sloviansk istiqamətinə cənubdan birbaşa hücum imkanı verəcək. Konstantinovka Ukrayna Silahlı Qüvvələrinin bütün Donbas qruplaşması üçün kritik logistik mərkəz və təchizat xəttidir. Buranın itirilməsi cəbhədəki digər Ukrayna bölmələrinin silah, sursat və ərzaq təminatını iflic edə bilər.

23 yaşayış məntəqəsinin təxliyə edildiyi Sinelnikovo rayonu Donetsk vilayəti ilə həmsərhəddir. Bu təxliyə Ukrayna komandanlığının rus ordusunun tezliklə Dnepropetrovsk vilayətinin inzibati sərhədlərini keçərək daxilə doğru irəliləyəcəyini gözlədiyini göstərir. Bununla da Rusiya müharibəni indiyə qədər nisbətən təhlükəsiz sayılan mərkəzi və sənaye bölgələrinə daşımış olur.

Bu cür ciddi ərazi itkiləri və geriçəkilmələr Qərb müttəfiqlərini Ukraynaya silah tədarükünü (xüsusilə uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemləri) daha da sürətləndirməyə və ya ordunun tam çökməsinin qarşısını almaq üçün təcili diplomatik gedişlər etməyə vadar edə bilər. Xülasə, bu addımlar Ukrayna üçün cəbhə xəttinin daralması və müdafiənin daha dərinliklərə (Dnepropetrovsk daxilinə) çəkilməsi, Rusiya üçün isə Donbasın tam ələ keçirilməsi hədəfinə bir addım da yaxınlaşması deməkdir.

Hazırkı vəziyyət onu deməyə əsas verir ki, müharibə “sürünən müharibədən” daha şiddətli mərhələyə qədəm qoyur. Əgər Ukrayna tərəfi Rusiyanın cəbhədəki irəliləyişinin qarşısını dayandıra bilməsə, masada da ağır nəticələrlə üzləşə bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05