Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının icrası çərçivəsində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onların mövcud problemlərinin həllinə xüsusi həssaslıqla yanaşılır. Bununla yanaşı, dövlətin bu sahədə gördüyü işlərə kölgə sala biləcək qanunsuz hallara qarşı prokurorluq orqanları tərəfindən ən ciddi tədbirlər davam etdirilməkdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Komitənin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonunun Həmzə Babaşov küçəsində yerləşən təcili tibbi yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış çoxsaylı qaçqın və məcburi köçkün ailələrinə mənzillərin qanunsuz verilməsi üçün onlardan müxtəlif məbləğlərdə pulu dəfələrlə təkrar rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək 961 nömrəli Çağrı Mərkəzi və ya Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
www.yenicag.az