Dövləti xərcə salan HAKİMLƏR: “Onların cəzalandırılması tələb oluna bilər” – Fazil Mustafa

“Qeyd olunan fərdi praktika, əslində, iqtidar-müxalifət dialoqu kontekstində siyasi mahiyyət daşıyan yanaşmadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında çıxardıqları qanunsuz məhkəmə hökmləri üzündən dövləti bir sıra keçmiş məhbuslara təzminat ödəmək məcburiyyətinə gətirən hakimlərin məsuliyyət məsələsindən danışan millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafanın fikrincə, ReAl Partiyasının sədri İlqar Məmmədova və daha bir neçə keçmiş məhbusa bəraət verilməsi hakimiyyətin siyasi jestidir:

“Çox güman ki, qarşı tərəf israr etsə, onların barəsində qanunsuz hökm çıxaran hakimlər cəzalandırıla bilər. Aydındır ki, bu təzminatlar dövlət büdcəsindən ödənir. Ona görə də, hakimlərin verdikləri qərar hər zaman qanuna uyğun olmalıdır.

Ancaq indiki dövrdə bu, baş verməyəcək. Çünki ölkədə hüquqi islahatlar gedir. Dediyimiz bu məsələ prosesin içində müəyyən dərəcədə nəzərə alınacaq. Bu çərçivədə həmin hakimlərlə bağlı da müəyyən məsuliyyətlər nəzərdə tutula bilər.

Hesab edirəm ki, cəmiyyətdə müzakirəyə səbəb olmuş bu qərarlar hakimiyyətin müxalifətlə dialoq prosesini irəlilətmək üçün etdiyi jestdir. Ona görə də, artıq kiminsə hüquqi tələblər irəli sürməsi effekt verməyəcək. Bu, siyasi prosesi zədələyə bilər”.

İlqar Məmmədovun barəsində verilən qərarın analoji vəziyyətdə olan digər siyasətçilərə şamil edilməsinə gəldikdə isə millət vəkili bunları deyib:

“Bundan sonra qəbul edilmiş məhkəmə qərarlarında qanunsuzluq aşkar edilərsə, eyni yanaşmanın tətbiq olunacağı gözlənilə bilər. Lakin bunun ötən illərə aid məhkəmə qərarlarına şamil ediləcəyini düşünmürəm.

Hökümət buna fərdi praktika kimi yanaşır. Bu fərdi praktika, əslində, iqtidar-müxalifət dialoqu kontekstində siyasi mahiyyət daşıyan yanaşmadır. Əsas olan bu dialoq mühitinin inkişafıdır. Yəqin ki, prosesin inkişafında bu praktika nəzərə alınacaq”.

Səxavət Məmməd